Stoltenberq İsveçin Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini açıqlayıb
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirib və alyansa qoşulmağa hazırdır.
O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Stoltenberqin sözlərinə görə, Stokholm Türkiyəyə silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb, konstitusiyaya dəyişiklik edib və antiterror qanunvericiliyi sərtləşdirib: "İsveç NATO-nun keçən il Madriddə keçirilən sammitində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib", - o vurğulayıb.
Şimali Atlantika Alyansının baş katibi diqqəti ötən həftə sonu İsveçin Türkiyədə terror qruplaşması kimi tanınan Kürdüstan Fəhlə Partiyasının bəzi tərəfdarlarının ekstradisiyası üçün tədbirlər görməsinə yönəldib. Onun fikrincə, bu, sübut edir ki, “İsveç verdiyi sözə əməl edir və NATO üzvlüyünün tam ratifikasiyasına hazırdır”.
Bundan əvvəl Bloomberg diplomatik mənbələrə istinadla yazıb ki, Ankara İsveçdən terrorla mübarizə üzrə tələblərin daha təfərrüatlı və müfəssəl icrasını tələb etməkdə davam edir, Stokholm isə bu tələblərə hələ tam əməl etməyib, buna görə də Türkiyə İsveçin NATO-ya müraciətini təsdiqləmək niyyətində deyil.
Stokholm bloka qoşulmaq üçün Helsinki ilə eyni vaxtda müraciət etmişdi. Finlandiya aprel ayında alyansa qoşulsa da, İsveçin daxil olması prosesi dayandırılıb. Buna səbəb isə Stokholmda siyasi fəalın Quranı yandırması aksiyası olub. Ankara həmçinin bildirib ki, Stokholm Türkiyənin terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının tərəfdarlarını ekstradisiya etməyib.