Şəhid atası evsiz jurnalistləri dəstəklədi: “Evi jurnalistlərə tikiblər”
“Evi jurnalistlərə tikiblər, onlara da verməlidilər, həsrətlə gözləyənlər var, haqlarıdı. Bakı şəhərində ancaq Bakıda qeydiyyatı olan şəhid ailələrinə mənzil verilir, Bakıda da şəhid ailələrinin sayı, tikilən mənzillərin sayından azdı. Belə də ki jurnalistlərə əvvəl tikilən mənzilləri paylayanda, evsiz şəhid ailələri haqda müzakirə yox idi...”
Bu sözləri şəhid atası Nofəl Qasımov deyib. N.Qasımov Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binadakı hazır mənzillərin 22 iyul Milli Mətbuat Günü ərəfəsində evsiz jurnalistlərə verilməsini arzuladığını dilə gətirib: "Ay jurnalist soydaşlarımız, mənziliniz özünüzə qismət olsun!”.
Qeyd edək ki, Nofəl Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenant Səid Rəşidzadənin atasıdır.
Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Baş leytenant 2020-ci il oktyabrın 11-də Hadrutun girişindəki Şişqaya deyilən yüksəkliyi azad edib, bayrağı sancan zaman snayper gülləsi ilə vurulub.
Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, şəhid atası Nofəl Qasımov Füzuli rayonu İcra Hakimiyyətinin keçmiş başçısıdır. O, Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə batalyonunu komandiri kimi vuruşub.