Keçmiş icra başçısı şəhid oğlundan danışdı: “Şiş Qayaya bayrağımızı asarkən vurulub”
Füzuli rayonunun keçmiş icra başçısı Nofəl Qasımov Vətən Müharibəsində şəhid olan oğlu, baş leytenant Səid Rəşidzadə haqda paylaşım edib.
Şəhid atası oğlu ilə bağlı paylaşımında Səidin prezident tərəfindən 3-cü dəfə medalla təltif olunduğunu bildirb: "Bu igid Səid Nofəl oğlu Rəşidzadədir. Hadruta, Şiş Qayaya sancağımızı asarkən vurulub və şəhid olub. Arzusuna çatıb, hamı bilir, Şiş Qayanı almasaq, ordumuz vaxtında Hadruta girə bilməzdi. Səid öz bölüyü ilə bu məsələni həll etdi. Bunu Ali baş komandan əliynən göstərdi və dedi: Hadrut yüksəkliyin götürməsəydik, Hadrutu almaq çətin olardı!
Səidin ulu babası Hacı Rzaqulu, sonra Hacı Atakişi, sonra Məşədi Qasım, soyadını daşıdığı Rəşid kişi və mən atası Nofəl Qasımov Qarabağda döyüşmüşük, amma nöqtəni Səid qoydu!
Dövlətimiz Səidi igid bilir, mənsə qəhrəman! Allah şəhidlərimizə rəhmət eləsin! Biz qəhrəmanları bol olan ölkəyik! Sona qədər olsun! Bu gün Səidi 3-cü medalla İgidliyə görə medalı ilə təltif ediblər! Allah sənə rəhmət eləsin, komandir, baş leytenant Səid bəy!”