Avtomobilləri "sındırmağın" bu üsulu geniş yayılmaqdadır
Britaniyalı ekspertlər sürücülərə xəbərdarlıq edirlər ki, hakerlər avtomobilləri 2000 funt-sterlinq dəyərində olan cihazla faralar vasitəsilə "sındırırlar".
Avtomobil təhlükəsizliyi üzrə ekspertlər Jan Tabor və Ken Tindell bildiriblər ki, kibercinayətkarlar elektrik naqillərinə daxil olmaq və avtomobillərin daxili kompüter şəbəkələrini sındırmaq üçün bamperləri və faraları "sındırırlar". Onlar cihazı birləşdirdikdən sonra hətta pəncərələri aça və ya qapı kilidlərini işə sala bilərlər.
Mütəxəssislər qeyd ediblər ki, hakerlik üçün belə qurğuları onlayn olaraq üç-dörd min dollar qiymətinə almaq olar. Bu cihazların "Ferrari", "Rolls-Royce" və "Lamborghini" də daxil olmaqla lüks avtomobillərə anında giriş imkanı verdiyi iddia edilir.
"Təəssüf ki, hər hansı bir avtomobil istehsalçısı üçün cinayət niyyəti ilə hərəkət edən insanlar və təşkilatlardan riski tamamilə aradan qaldırmaq çox çətindir. Biz bu riskin azaldılmasına kömək etmək üçün dünya üzrə sığorta assosiasiyaları və polis agentlikləri ilə müntəzəm əməkdaşlıq edir və məlumat mübadiləsi edirik" - deyə durumdan narahat olan "Toyota" şirkəti açıqlama yayıb.