Azərbaycanda orta ömür 72, Türkiyədə isə 76 yaşdır


"Liv BONA Dea" hospitalında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “100 yaşına qədər sağlam yaşamanın sirləri” adlı elmi konfrans keçirilib.


AFN.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif ixtisaslı həkimlərin iştirakı ilə insanın sağlam yaşaması üçün nələri etməli olduğu, daha keyfiyyətli həyat tərzinin şərtləri müzakirə olunub.
Konfrans iştirakçısı, “Smart Hotels Management” hotel idarəetmə şirkətinin təsisçisi və rəhbəri Ceyhun Aşurov AFN.az-a açıqlamasında bildirib ki, tədbirdə maraqlı mövzularla bağlı müzakirələr aparılıb. Onun sözlərinə görə, müzakirələr nəticəsində məlum olub ki, Azərbaycanda orta ömür 72, Türkiyədə isə 76 yaşdır: “Etiraf edim ki, bu məlumat mənim özüm üçün də maraqlı oldu. Təbii ki, bu da normal qidalanma ilə yanaşı, ölkədə keyfiyyətli tibbi xidmətin olmasından asılıdır. Əslində bizim çox savadlı, peşəkar həkimlərimiz var, amma təəssüflər olsun ki, icbari tibb sığorta sistemimiz hələ tam oturuşmayıb, əhali ondan tam faydalana bilmir. Amma elə həkimlərimiz var ki, xarici ölkələrdən sırf onlara görə müalicə almağa xəstələr gəlir. Bu o deməkdir ki, Azərbaycanda sağlamlıq turizmi üçün imkanlar var. Bu imkanlar üçün də doğru sistem qurmaq lazımdır. Yəni xəstələr həkimə görə yox, burada olan səhiyyə sisteminə görə gəlsin ölkəmizə. Necə ki, bunu Türkiyə edir, Gürcüstan müəyyən qədər bacarır. Amma biz əksini müşahidə edirik, bizim vətəndaşlar müalicə üçün Türkiyəyə, Almaniyaya, Gürcüstana, İsrailə gedir. Bu da ölkədən ciddi valyuta axını deməkdir. Bizdə keyfiyyətli hospitallar, müasir texnologiyalarla təchiz olunmuş xəstəxanalar var, eyni zamanda xaricdə təhsil almış, peşəkarlaşmış savadlı həkimlərimiz də var. Sadəcə, bunu sistemləşdirib təqdim edə bilsək, həm vətəndaşlarımız xarici ölkələrə üz tutmaz, həm də digər ölkələrdən xəstələri cəlb edə bilərik. Beləliklə də Azərbaycanda tibbi turizmi inkişaf etdirə bilərik”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu