68 yaşlı Ağahəsən Rəsulov işdən çıxarıldı, 73 yaşlı Məhbubə Hüseynova hələ vəzifəsindədir - MƏNTİQ?


3 saylı uşaq evindəki özbaşınalıqları ictimailəşdirdiyi üçün cəzalanan yeniyetmə ilə bağlı həqiqəti deyən baş həkimin işdən çıxarılması haqda artıq məlumat vermişik.


Xatırladaq ki, "o psixi xəstə deyil, uşaq evinə göndəririk direktor qəbul etmir" deyən Psixiatriya Xəstəxanasının 68 yaşlı baş həkimi Ağahəsən Rəsulov səhiyyə naziri Teymur Musayev tərəfindən yaş həddini əsas gətirərək pensiyaya göndərilib. Çox maraqlıdır ki, şikayətçi yeniyetməni polisə verən, psixi dispanserə saldıran 3 saylı uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın 73 yaşı var, amma o hələ də təqaüdə göndərilməyib.
1950-ci il təvəllüd Məhbubə Əbdülmanaf qızı Hüseynova uzun illərdir bu vəzifəni tutur. Onu himayə edən, qoruyan olması ilə bağlı iddialar var. İddiaların nə dərəcədə doğru olduğunu deyə bilməsək də, onun haqqında tənqid səsləndirənlərin cəzalandırılması, rəhbərlik etdiyi müəssisədə dəfələrlə problem aşkarlanmasına baxmayaraq, hələ də vəzifədə qalması deyilənlərin doğruluğuna dəlalət edir. M.Hüseynovanən I vitse-prezident Mehriban Əliyeva ilə olan fotolarından istifadə edərək, özünü birinci xanımın yaxın adamı kimi qələmə verdiyini iddia edənlər də var. Lakin məsələ burasındadır ki, M.Əliyeva daim sadə insanların, vətəndaşların arasında olan dövlət yetkilisidir və onun həddən artıq çox vətəndaşla birgə fotosu var. Təbii ki, onlar hamısı vitse-prezidentin "yaxın adamı" deyil. Görünən odur ki, M.Hüseynova daha "bacarıqlı"dır və özü haqda o rəyi yaratmağa nail ola bilib. Yaxud da başqa istqamətdə, başqa məmur tərəfindən himayə edilir.

Bundan əvvəl 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva ötən il uşaqların müəllimləri tərəfindən incidildiyini, döyüldüyünü, onlara etinasız və qeyri-insani münasibət sərgiləndiyini, həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaqların uşaqlara verilmədiyini, hətta Qurban bayramında imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıqların Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşındığını ictimailəşdirmişdi. Gülcan Nağıyeva Məhbubə Hüseynovaya ittihamlarını davam etdirərək onun dəfələrlə tənbeh olunduğunu, hətta bir dəfə 1500 manat məbləğində cərimələndiyini qeyd etmişdi. Lakin sonradan o, işdən çıxarılmaqla "cəzalandırılmışdı". .
3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqal 2 il əvvəl baş verib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma apararaq bəzi nöqsanlar aşkarlamışdı. Həmin vaxt müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu