SSRİ dövründə də dissidentləri "dəlixanaya" salırdılar - Natiq Cəfərli


1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunması ictimai rəydə etirazla qarşılanıb.


Xatırladaq ki, A.Rəsulov bir neçə gündür ciddi müzakirə mövzusu olan, 3 saylə uşaq evinin sakini M.H.-nin rəhbərlik etdiyi müəssisəyə yerləşdirilməsi ilə bağlı açıqlama vermişdi. O, bildirmişdi ki, yeniyetmə xəstəxanaya müəssisənin direktoru Məhbubə Hüseynova tərəfindən yerləşdirilib. Oğlanın səhhətində problem olmadığını deyən baş həkim bir neçə dəfə onu geri qaytarmaq istəsələr də, 3 saylı uşaq evinin rəhbərliyin qəbul etmədiyini vurğulamışdı.
A.Həsənovun verdiyi bu açıqlama gündəm olub: "O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".
Dünən verdiyi açıqlamanın ardından bu gün vəzifəsindən alınan baş həkimə qarşı olan haqsızlıq ciddi etirazlara səbəb olub. Sosial şəbəkələrdə və KİV-də bu məsələ sərt tənqid edilir. Səhiyyə Nazirliyi baş həkimin yaşı ilə əlaqədar təqaüdə göndərildiyini açıqlasa da, insanlar haqlı olaraq sual edirlər ki, A.Həsənovun təqaüd yaşında olması niyə indi yada düşdü? Elədirsə bəs niyə 3 saylı uşaq evinin rəhbəri, 73 yaşlı Məhbubə Hüseynova da təqaüdə göndərilmir?

AFN.az xəbər verir ki, məsələyə REAL-ın sədr müavini Natiq Cəfərli də mövqe bildirib. O, bu məsələ ətrafında baş verənləri SSRİ dövründəki vəziyyətlə müqayisə edib: "SSRİ kommunist rejimində düz danışanlar, dissidentlər olub, onları həbs etməklə, güllələməklə yanaşı, “dəlixanaya” da salırdılar. Yəni, istəsələr hamısını zindana salardılar, amma bilərəkdən bəzi dissidentləri ruhi xəstə elan edib uzun müddət xüsusi xəstəxanalara yerləşdirirdilər. Məqsədləri mesaj vermək idi: Onların dedikləri həqiqət deyil də, xəstə insanın sərsəmləməsidir, Leninin, Stalinin qurduğu ölkədə onlar deyən problemlər ola bilməz. SSRİ görbagor olandan sonra belə praktika bəzi post-sovet ölkələrində, əsasən də Orta Asiya (Türkmənistan, Özbəkistan) respublikalarında davam edirdi, bizdə isə Naxçıvanda, Vasif Talıbovun göstərişi ilə bənzər hadisələr olurdu.
İndi bizdə SSRİ-nin beyin və xislət "varisləri" olan bəzi məmurlar, səlahiyyətli şəxslər yenidən bu təcrübəni diriltmək istəyirlər – uşaq evində olan problemlərdən danışan yeniyetməni Respublika Psixiatriya Xəstəxanasına salmaqla dediklərinin yalan, “dəli” birisinin sərsəmləməsi olduğunu göstərmək istəyirdilər. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi isə çıxıb açıqlama verir ki, uşaq xəstə deyil, anlaqlıdır, həmən səhiyyə naziri Teymur Musayev baş həkim Ağahəsən Rəsulovu işdən çıxartdı. Ölkəni hara sürüklədiklərini anlamırlar bunlar?! SSRİ-nin aqibətindən dərs çıxartmayıblar?! Nə vaxta qədər ki, biz sovet mərəzindən, zehniyyətindən qurtulmayacağıq, məmləkət insanı inkişaf, rifah görməyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu