Rusiya İranla Azərbaycan arasında vasitəçi ola bilərmi? - ŞƏRH
İran-Azərbaycan münasibətlərində gərginlik pik həddədir. Son günlər baş verən hadisələr, İrandakı səfirliyimizə təşkil edilən hücum, "Bravo" marketdəki qətliam, deputat Fazil Mustafanın güllələnməsi vəziyyətin kifayət qədər ciddi olmasından xəbər verir.
Bir sıra müşahidəçilər bütün bunları İranın etdiyini desə də, bu terror aktlarının xarici qüvvələr tərəfindən törədildiyini iddia edənlər də var. Lakin bu hadisələrin hər birinin Azərbaycanın hansısa beynəlxalq uğuru, yaxud Ermənistanla müəyyən yaxınlaşma ərəfəsində olduğu bir vaxtda edilməsi İran amilini daha qüvvətli edir. Məsələn, Fazil Mustafanın evinin qarşısında güllələnməsi Azərbaycanın İsraildə səfirliyinin açılışına saatlar qalmış baş verdi. Bir sıra ekspertlər haqlı olaraq bunu İranın mesajı kimi dəyərləndirir. Bir sözlə, Azərbaycanın müstəqil xarici siyasəti cənub qonşumuzu özündən çıxarıb. Belə bir məqamda Rusiya İranla Azərbaycan arasında vasitəçilik təklif edib.
Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada birgə keçirdiyi mətbuat konfransından sonra aktuallaşıb. Lavrov Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib. Rusiya XİN başçısı İranla Azərbaycan arasında gərginliyin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub.
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu "Rusiya İranla Azərbaycan arasında vasitəçi ola bilərmi?" sualını cavablandırıb. Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb: "Kreml necə ki, Azərbaycanla Ermənistan arasında “vasitəçilik” edir, eynisini Azərbaycanla İran üçün təklif edir. Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir. Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq".