Bizim gömrük orqanlarının mahiyyəti, strukuru, hərbi rütbələri, fəlsəfəsi Rusiyadan köçürülüb - EKSPERT


Dövlət Gömrük Komitəsinin vətəndaşın əl yükündə aşkarladığı elan olunmamış malların fotolarını çəkib yayması etirazlara səbəb olub.


AFN.az xəbər verir sosial şəbəkələrdə müzakirə edilən hadisənin vətəndaşın hüquq və azadlığının məhdudlaşdırılması, qanunların pozulması olduğu deyilir. Bir çoxları Nazirlər Kabinetinin 305 saylı qərarını əsas gətirərək komitənin qaydalara uyğun hərəkət etdiyini desə də, bunun əksini söyləyənlər, şəxsi istifadə üçün gətirilən malların müsadirə edilməsinin yolverilməz olduğunu deyənlər var.

İqtisadçı ekspert Natiq Cəfərli məsələni şərh edərkən bildirib ki, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının heç bir mənası yoxdur. Ekspertin sözlərinə görə, dünyada çox nadir ölkələr var ki, Gömrük Komitəsi müstəqil qurumdur, onlardan biri də Rusiyadır: "Ümumiyyətlə bizim gömrük orqanlarının mahiyyəti, strukuru, hərbi rütbələri, fəlsəfəsi Rusiyadan köçürülüb. Bundan imtina etmək zamanıdır, özünü doğrultmadı, doğrultmağı da mümkün deyil, çünki Şimal qunşumuz öz dövlət orqanlarını tarixən biznesi əzmək üzərinə inşa edib".
N.Cəfərli bildirib ki, gömrük orqanlarının ayrıca istintaq qurumunun olması absurddur, ona görə də, Gömrük Komitəsi ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin nəznində kiçik bir departament kimi fəaliyyət göstərməli, əsas işi daxili istehsalçını qorumaq üçün konsepsiya hazırlamaqdan, statistik göstəriciləri toplayıb təhlil etməkdən ibarət olmalıdır: "Müstəqillikdən üzü bəri iş adamlarının, biznesin ən zəhləsi getdiyi, onlara ən çox mane olan, rüşvət və korrupsiya yuvasına çevrilmiş, mahiyyəti ancaq iri məmur biznesini qorumaq olan Gömrük Komitəsidir. Komitəni nazirliklərdən birinə birləşdirmək azdır, həm də fəlsəfəsi dəyişməlidir, bu orqanlarda çalışanlar anlamalıdırlar ki, onların fəaliyyətinin əsas istiqaməti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil də, ölkədə tuman-köynək istehsalına dəstək verməkdir. Nə qədər ki, yerli istehsal yoxdur, gömrük orqanları gözəgörünməz, ürəkbulandırmaz olmalıdırlar – istehsal sahələri yaranandan sonra daxili istehsalçını qorumaq üçün ağıllı tarif, rüsum siyasəti olmalıdır. Yerli istehsal isə o zaman yaranacaq ki, ölkədə normal biznes mühiti, investisiyaların qorunması mexanizmləri və nəhayət, ədalətli məhkəmə sistemi olacaq - bunun başqa yolu-yöntəmi yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu