Azərbaycanda binalarda "kupça"sız mənzillərin satışı qanunla qadağan edilə bilər
Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan ("kupça"sız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur.
"Report"un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.
Belə ki, sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.
Xatırladaq ki, Azərbaycanda, xüsusən də Bakı şəhəri və Abşeron rayonu ərazisində bir çox çoxmənzilli yaşayış binalarındakı mənzillər çıxarışlarla təmin olunmadığından müqavilə əsasında satışa çıxarılır. Həmin mənzillər daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayıb.