Dövlət Komitəsi: "Yaxın günlərdə növbəti ailələr Ağalı kəndinə köçürüləcək"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorqyev ilə görüşüb.
Bu barədə AFN.az-a Komitədən məlumat verilib.
Bildirilib ki, qonağa qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.
Görüşdə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Dövlət Komitəsi yaxın günlərdə növbəti ailələri Zəngilan rayonunun Ağalı kəndinə köçürəcək.
Görüşdə beynəlxalq təşkilatların ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yarandığı ilk günlərdən göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Vurğulanıb ki, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif sahələrdə keçirdiyi tədbirlərlə yanaşı kəhrizlərin bərpa olunması, icmalara dəstəklə əlaqədar tədbirləri xüsusi ilə təqdirəlayiqdir.
Vladimir Giorqiyev səmimi görüşə görə təşəkkür edib və kəhrizlərin qurulması üçün zəruri olan tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan ilk təsisatıdır.
Belə ki, qurum tərəfindən Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərlə bağlı araşdırmalara başlanılıb. Eyni zamanda, BMqT-nin Böyük Qayıdışla bağlı məcburi köçkünlər üçün zəruri olan təlimlərin keçirilməsinə dəstək verə biləcəyi qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.