Dövlət Komitəsində BMqT rəsmiləri ilə görüş keçirilib


Sentyabrın 29-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədəki Baş Qərargahının baş mütəxəssisi Ertuze Metehan Temurcin və BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə görüşüb.


Komitədən AFN.az-a verilən məlumata görə,qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri haqqında məlumat verilib. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi qeyd olunub. Bildirilib ki, Ermənistanın işğalına son qoyduqdan, Şərqi Zəngəzurda və Qarabağda öz suveren hüquqlarını bərpa etdikdən sonra Azərbaycan dövləti həmin ərazilərdə zəruri təhlükəsizlik tədbirləri və bərpa- quruculuq işləri həyata keçirir. Məqsəd məcburi köçkünlərin könüllü şəkildə öz daimi yaşayış yerlərinə qaytarılması, təhlükəsiz və ləyaqətli həyat şəraiti ilə təmin olunmasıdır. Ermənistanın nəinki işğal dövründə, hətta işğala son qoyulduqdan sonra da Azərbaycan ərazilərində mina terroru törətməsi təəssüf hissi ilə qeyd edilib və dünya birliyinin bu təhlükənin aradan qaldırılmasına təsirli dəstək verməsinin vacibliyi vurğulanıb.
Ötən dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində beynəlxalq təşkilatların, o cümlədən BMqT-nin ölkəmizə yardım göstərməsi, humanitar layihələr həyata keçirməsi razılıq hissi ilə xatırlanıb, Böyük Qayıdış dövründə də bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və məşğulluğun təmininə dəstək veriləcəyinə ümid ifadə olunub.
Səmimi qəbula görə təşəkkür bildirən Ertuze Metehan Temurcin və Vladimir Qyorqiyev təmsil etdikləri qurumun məqsədləri, köçkünlük, qaçqınlıq və miqrasiya məsələlərinin həlli ilə bağlı əməkdaşlıq istiqamətləri barədə məlumat veriblər. BMqT-nin hazırkı dövrdə ölkəmizdə məcburi köçkünlərin ehtiyaclarının qiymətləndirilməsinə xüsusi diqqət yetirdiyi, müvafiq sahə üzrə mütəxəssisin bu məqsədlə ezam olunduğu, zəruri təhlillər aparıb, təkliflər hazırlayacağı diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi üçün səmimi fikir mübadiləsi aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu