Türkiyəyə yardım göndərən azərbaycanlı şəhid anası danışdı - VİDEO


Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra Azərbaycandan qardaş ölkəyə xeyli sayda yardım göndərilib.


Yardımlar arasında diqqəti çəkən İkinci Qarabağ müharibəsi zamanı, noyabrın 10-da şəhid olan Elgin Abbaslının fotoşəklinin olduğu bağlamanın təsadüfən zəlzələdən əziyyət çəkən başqa bir şəhid ailəsinə çatdırılması olub.

Belə ki, şəhidimizin adından göndərilən bağlama Hakkaridə şəhid olan Cevdet Şişmanın anası Ayşe Şişmana verilib.

Qutunun üzərindəki şəkli kəsib götürən ananın - “Bağlamadakı şəkil mənə bəs etdi, dünyam oldu. Bu şəkli götürüb Cevdətimin yanına qoydum”, - deməsi böyük marağa səbəb olub.

Azxeber.com Türkiyəyə yardım bağlaması göndərən şəhid Elgin Abbaslının ailəsi ilə görüşüb və təsadüf olan hadisə ilə bağlı fikirlərini öyrənib.

Şəhidin anası Sevda Cəfərova Türkiyədə baş verən zəlzələ xəbərini eşitdiyi an sarsıldığını, oğlunun şəhid olduğu günü sanki yenidən yaşadığını qeyd edib:

“Fevralın 6-da səhər durduq və eşitdik ki, Türkiyədə zəlzələ baş verib, binalar uçub, insanlar və körpələr dağıntı altında qalıblar. Bu hadisə mənə balamın faciəli xəbərini aldığım gündə yaşadığım hissləri yaşatdı. İnsanların yatdıqları yerdə zəlzələnin baş verməsi, onların dağıntılar altında qalması mənə çox pis təsir etdi. Özümə yer tapa bilmədim, elə bildim balamın xəbəri çıxan vaxtlardır. Fikirləşdim ki, kaş yaxın olub, biz də orada olardıq. Zəlzələdən əziyyət çəkənlər üçün nə edə biləcəyimi düşünürdüm. Oğlum çox mərhəmətli, hamıya canıyanan idi və onun adından nəsə eləmək istədim. Qərara aldım ki, hamısına olmasa da, orada olan uşaqların bir neçəsinə isti paltar alıb göndərim ki, canları isinsin. Həmin gün Sumqayıta getdim və bir neçə isti geyim - papaqlar, kurtkalar aldım. Geyimin yanında şirniyyat da qoydum ki, bağlamanı açanda yeməli nələrsə görən uşaqlar sevinsinlər. Sonra xəbər tutdum ki, bağlamam təsadüfən gedib şəhid anasına çatıb”.

Türkiyəli şəhid anasının bağlama və azərbaycanlı şəhid barədə dedikləri ilə bağlı təəssüratını bölüşən ana bunları vurğulayıb:

“Şəhid anası bağlamanın üzərində olan şəhid fotosunu görüb bizim yardımı canla-başla qəbul edib. Sağ olsun, onun əllərindən öpürəm. Mənim balamı öz balası kimi qəbul edib, fotosunu sinəsinə basdığı üçün təşəkkür edirəm. Onun balasına qurban olum. Kaş yaxın olardı, mən də gedib onun balasını ziyarət edib, baş daşını bağrıma basardım.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu