Qənirə Paşayeva Esmira Fuadla görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun baş elmi işçisi, filololoq alim, dosent Esmira Fuadla görüşüb, onu 65 illik yubileyi ilə münasibəti ilə təbrik edib.
Milli Məclisdə baş tutan görüşdə Q.Paşayeva Esmira xanımın özəlliklə Azərbaycanın Güneyində yaran ədəbiyyatla, Güneyli yazarın həyat və yaradıcılığı ilə bağlı tədqiqatlarından minnətdarlıqla söz açıb.
Q.Paşayeva yubilyara Komitə adından Qarabağ motivli xatirə hədiyyələri və Təbrik məktubu təqdim edib. Məktubda Esmira Fuadın səmərəli elmi yaradıcılıq uğurlarına vurğu edilir:
“Hörmətli Esmira xanım,
Sizi 65 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini uğurla bitirmiş, bir müddət Göyçayda çalışdıqdan sonra doğma BDU-nun nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində (indiki BAU-da) elmi metodist, “Azərbaycan diplomatiyası” jurnalında baş redaktorun I müavini, “Respublika” qəzetində baş müxbir və Humanitar elmlər redaksiyasının müdiri vəzifəsində işləmisiz.
04 aprel 1999-cu ildən isə taleyinizi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlamısız. Hazırda İnstitutun Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisisiz. Siz həmçinin “Əbədi Turan Kitab Fondu”nu, “Əbədi Turan” jurnalını və “Yeni tərcüman” qəzetini təsis etmisiz.
Çoxsaylı yazılarınız dövri mətbuatda, elmi məqalələriniz beynəlxalq indeksli, nüfuzlu xarici jurnallarda, həmçinin ölkə daxili mətbuat orqanlarda çap olunub.
Azərbaycan Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvüsüz. Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılarının XIII və XIV Qurultaylarının nümayəndəsi olmusuz.
“Amerika Bioqrafiya İnstitutu” Sizi 2005-ci ildə Güney Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edib. 2016-cı ildə isə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə “İlin alimi” seçilmisiz.
“Həsən bəy Zərdabi”, “Səməd Behrəngi”, “Seyid Cəfər Pişəvəri” ictimai ödülləri, “Avropa Yayın Evi”nin “Qızıl medal”ı, “Azərbaycan Veteranlar Şurası”nın “Səməd bəy Mehmandarov” medalı, AMEA Azad Həmkarlar İttifaqının “Fəxri Fərmanı”, “Firudin İbrahimi-100” diplomu ilə təltif olunmusuz.
“Məhəmmədhüseyn Şəhriyar” (Ədəbi mühiti, həyatı və yaradıcılığı; 1999), “Əgər bir ömrüm də olsaydı” (2003), “Azərbaycan xalça sənətinin Kamili” (2006), “Dünyaya naxış insanlar” (2009), “Söz sərrafı Şəhriyar” (Tehran-2018; Əski əlifbada), “Sözə sevdalılar” (I kitab; 424), “O, həyata yalnız xeyirxah işlər görmək üçün gəlmişdi” (2017), “Muhammed Hüseyin Şehriyar” (Edebi çevresi, yaşamı, eserleri; İstanbul, 2014), “XX yüzil Güney Azərbaycan epik şeiri” (2016), “Güney Azərbaycanda çağdaş ədəbi proses” (2016), “Turanın əbədiyaşar şairi – Bəxtiyar Vahabzadə” (Tehran-2019; Əski əlifbada), “Sözdən asılan arzular” (XX yüzildə Güney Azərbaycan poemalarından ibarət antologiya; 2016), “Urmu türkün ilk beşiyi, sevgi ocağı” (Urmu şeir antologiyası; 2016), “Günümüzün Güney Ədəbiyyatı Antologiyası” (Poeziya; 2018), “Şəhriyar xatirələrdə” (2019), “Güney Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” (2020), “Azərbaycan epik şeiri 2017-19-cu illərdə (2021), “44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında” (Antologiya; 2022), “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə (Antologiya; 2022) və b. maraqlı kitablarınız gün üzü görüb.
“Güney Azərbaycan ədəbiyyatında poema janrı (inkişaf mərhələləri və problemləri)” mövzusunda doktorluq işinizi 30 mart 2018-ci ildə uğurla müdafiə etmisiz.
Sizi 65 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
E.Fuad görüş və təbrik üçün təşəkkür edib.
Görüşdə Millət vəkilləri - Mədəniyyət Komitəsinin üzvü Razi Nurullayev və Jalə Əliyeva iştirak edib.