Mədəniyyət Komitəsinin sədri Seyran Səxavətlə görüşüb
"Bu ilki yubileyinizi doğma Füzulinin düşmən tapdağından azad edilməsinin sevinci, qüruru içində keçirdiyiniz üçün çox şadam".
Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış yazıçı, şair, tərcüməçi Seyran Səxavətlə Mədəniyyət Komitəsində görüşü zamanı deyib. Millət vəkili şairi 75 illik yubileyi münasibəti təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Seyran müəllim,
Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurlar arzulayıram! Çox şadam ki bu ilki yubileyinizi doğma Füzulinin və digər torpaqlarımızın azad olunması fonunda keçirirsiz. Siz həmişə öz ziyalılığınız, vətəncanlılığınız, xeyirxahlığınızla seçilmisiz. Əsərləriniz oxucular tərəfindən həmişə maraqla qarşılanıb.
"Hamı elə bilirdi ki", "Daş evlər", "Dar köynək", "Nekroloq", "Palıd toxumu", "Yəhudi əlifbası" və b. kitablarınız məşhurdur. "Qapıların o üzündə qalan dünya", "Büst", "Qızıl teşt" pyesləriniz Akademik Milli Dram Teatrı başda olmaqla respublikamızın bir çox teatrında tamaşaya qoyulub, izləyicilərin rəğbətinə, alqışlarına səbəb olub. Bununla belə dramatik əsərləriniz əsasında bir çox televiziya tamaşaları hazırlanıb.
Əsərləriniz dünyanın bir çox dilinə - əfqan, ingilis, fransız, alman, rus, fars, ərəb, ukrayna, gürcü, tacik, moldova və qardaş türkcələrə çevrilib. Hələ sovet dövründə Moskvada gün üzü görən nəsr kitabınız 100 min tirajla nəşr olunub. Sizi Mədəniyyət komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!
Yubileyiniz mübarək olsun!"
Q.Paşayeva S.Səxavətə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və xatirə hədiyyələri təqdim edib.