Azərbaycanda rüşvətsiz tikinti yoxdur, rüşvət və korrupsiya isə cinayət sayılmır – Nazim Bəydəmirli


Türkiyədə baş verən zəlzələ zamanı bunaların kütləvi dağılması tikintilərin keyfiyyət məsələsini gündəmə gətirdi.


Bakıda da təhlükə mənbəyi olan bir çox binaların olduğu heç kimə sirr deyil. Bura köhnə binalar da, yeni binalar da daxildir. Son təxminən 20 ildə paytaxtda bina tikintisi ilə bağlı hər zaman etirazlar, mütəxəssislər tərəfindən narazılıqlar olub. Peşəkar memarlar yüzlərlə binanın keyfiyyətsiz tikildiyini bəyan edərək, aidiyyatı qurumları tədbir görməyə çağırıb. Lakin təəssüf ki, indiyədək, yəni qardaş ölkədə böyük dağıntıya və tələfata səbəb olan zəlzələ baş verənədək aidiyyatı qurumlar hərəkətsizlik nümayiş etdiriblər. İndi isə yenidən əl-ayağa düşən qurumlar binalarda ara-sıra yoxlamalar aparır, açıqlamalar verirlər. Lakin yenə də bu proseslərdə bir növ “gözdən pərdə asmaq” cəhdi özünü büruzə verir. Bəs, Azərbaycanda tikintilərin keyfiyyəti necə təmin edilir? Bu məsələdə hansı qurumlar cavabdehlik daşıyır? Ümumi mənzərə necədir?

AFN.az-a mövzu ilə bağlı danışan iqtisadçı ekspert Nazim Bəydəmirli Azərbaycanda hər hansı bir qurumun normal vəziyyətdə işləməsilə bağlı fikirləri bölüşmədiyini bildirdi: “İdarəçilikdə gərək kompleks nəzarət olsun. Bəllidir ki, ölkədə ümumilikdə, o cümlədən də tikinti sektorunda rüşvət və korrupsiya vüsət alıb. 2000-ci illərdən bu yana, tikinti bumu başlayandan, böyük neft pullarının gəldiyi dövrdə müxtəlif şirkətlər tikinti fəaliyyəti ilə məşğul olurlar. Düzdür, bu müddətdə tikinti norma və qaydaları bir neçə dəfə dəyişdirilib, çərçivəyə salınmağa cəhd edilib, müxtəlif qurumların tikintiyə sərəncam verməklə bağlı səlahiyyətləri gah əllərindən alınıb, gah özlərinə qaytarılıb. Bu müddətdə həmçinin bir çox hadisələr baş verib, yarımçıq tikilən binalar çöküb, yanğınlar baş verib və bu hadisələrlə əlaqədar binaların təhlükəsizliyi gündəmə gəlib. Əslində Fövqəladə Hallar Nazirliyinin olması nə dərəcədə doğrudur, doğru deyil, hələ də müzakirə mövzusudur.
Biz struktur dəyişikliyi, səlahiyyətlərin bölüşdürülməsi, yaxud yığcamlaşdırılması ilə bağlı dəfələrlə fərman və sərəncamların şahidi olmuşuq, amma heç bir keyfiyyət dəyişikliyi olmayıb. Hətta binaların yerləşdiyi ərazilərdə belə Şəhərsalma Məcəlləsi yerinə yetirilməyib. Allah uzaq eləsin, hələ zəlzələyə qədər hər hansı bir hadisə olanda hətta təcili yardım maşınlarının, yanğınsöndürənlərin binaların həyətlərinə girməsi mümkünsüz haldadır. Yəni bu səviyyədə qaydasız tikilən binalar var. Səkilər zəbt edilib, zirzəmiləri olmayan binalar tikilib. Elə nümunələr var ki, bina üçün ayrılan sahənin az qala 70-80 faizi tikinti ilə əhatə edilib. Həmin binaların müxtəlif problemləri hələ də mövcuddur. Ona görə də mən hesab edirəm ki, tam şəffaf idarəetmə olmadan tikinti işlərinin keyfiyyətinə inanmaq sadəlövhlükdür”.
N.Bəydəmirlinin sözlərinə görə, tikinti şirkətlərinin fırıldaqçılığı hər zaman mövzu olub. Bir mənzili bir neçə adama satan, vətəndaşları kütləvi aldadan tikinti şirkətləri var, onlarla bağlı məhkəmələr keçirilib: “Mətbuata sızan məlumatlardan da görünür ki, tikinti şirkətlərinin mütləq əksəriyyətinin arxasında duran şəxslər yüksək vəzifəli məmurlardır.
FHN yaranmamışdan əvvəl Nazirlər Kabineti yanında Fövqəladə Hallar Komissiyası vardı. Xatırlayarsız, baş nazirin müavini Abid Şərifov rəhbərlik edirdi. Bu komissiyalar indi rayonlarda icra başçılarının müavinlərinin rəhbərliyi səviyyətində hələ mövcuddur. Amma öz işlərinin öhdələrindən necə gəlməkləri hər zaman müzakirə edilir”.

Ekspert qeyd etdi ki, Azərbaycanda vəzifə tutan şəxslər siyasi rəhbərliyin gözündə etimadı olduğu müddətdə inkişaf edirlər: “Elə ki, gözdən düşdülər, “vurulmağa” başlayır, vəzifədən alınırlar. Bütün günahlar da yüklənir həmin adamların üzərinə. Necə ki, biz regionlarda bunun şahidi olmuşuq. Tikinti sahəsində də bu cür hallar yaşanıb, yaşana da bilər.

Əslində isə normal ölkələrdə Nazirlər Kabineti bu kimi hallarda bütövlükdə məsuliyyət daşıyır. Hər hansı bir qurumun rəhbərinin tək qərar verməsi mümkün deyil, kollektiv razılıq vacibdir. FHN təbii ki, tikintiyə icazə verməklə bağlı cavabdeh qurumdur. Bu qurum da adətən hətta gözlə görünən problemlər olduqda belə məsuliyyətdən rahatlıqla yayına bilirlər.
Ümumiyyətlə, korrupsiya ilə həbs edilən məmurların bir neçə ildən sonra azad edilməsi, müsadirə olunan əmlakının özünə qaytarılması hallarını da görmüşük. Odur ki, belə bir durumda bizdə konkret məsuliyyət daşıyacaq qurum və şəxs yoxdur. Azərbaycanda rüşvətsiz tikinti yoxdur, rüşvət və korrupsiya isə cinayət sayılmır və məsuliyyət yaratmır”.

HƏBİBƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu