Sakinlər bu binalara girəndə kəlmeyi-şəhadətlərini deyirlər - FOTOLAR
Türkiyədə baş verən zəlzələ zamanı dağıntıların hədsiz çox olması tikintilərin keyfiyyət məsələsini bir daha önə çıxardı.
AFN.az xəbər verir ki, müzakirələr fonunda Bakıda da təhlükə mənbəyi olan bir çox binalar haqda məlumatlar yayılır. Bura köhnə binalar da, yeni binalar da daxildir. Son təxminən 20 ildə paytaxtda bina tikintisi ilə bağlı hər zaman etirazlar, mütəxəssislər tərəfindən həyəcan siqnalları olub. Peşəkar memarlar yüzlərlə binanın keyfiyyətsiz tikildiyini bəyan edərək, aidiyyatı qurumları tədbir görməyə çağırıb.
Son dövrlər bu etirazlara sosial şəbəkə istifadəçiləri də qoşulub. Paytaxtın müxtəlif yerlərində olan qəzalı, problemli binaların görüntüləri yayılıb, insanlar narahatlıqlarını ifadə edirlər. Hətta elə binalar var ki, sakinləri ora kəlmeyi-şəhadətlərini deyib girirlər. Belə binalardan biri də Bakının Xətai rayonu 8 Noyabr pr. 92 (yəni keçmiş Nobel pr.) ünvanında yerləşir.
Həmin binanın sakinlərindən biri çəkərək sosial şəbəkələrdə yaydığı görüntülər sadəcə dəhşət doğurur. Sakinlər deyirlər zəlzələ yox, bir az güclü külək əsəndə canlarını qorxu alır, binanın uçması təhlükəsi yaranır. “Binanın 100 -dən çox yaşı var. 2000-ci il noyabr zəlzələsindən bəri qəzalıdır. Baxan yoxdur. Biri gəlsin maraqlansın, ya bizi o yanlıq eləsinlər, ya bu yanlıq...
Vallah, qorxa-qorxa yaşamaq da bir həyat deyil” – deyə sakinlər bildirirlər.
Ölkədə tikilən binaların, obyektlərin keyfiyyətinə, təhlükəsizliyinə cavabdeh olan qurumlar təzədən ayılıb. Türkiyədə zəlzələ baş verdikdən sonra Fövqəladə Hallar Nazirliyi paytaxt binalarında reydlər keçirməyə başlayıb. Müstəqil ekspertlər isə həyəcan təbili çalırlar: Bak hər zaman seysmik aktivliyi ilə seçilib, indi dünyanın dörd bir yanını zəlzələlərin bürüdüyü vaxtda hər şey mümkündür.