İran Rusiyada dron istehsal edəcəyini danır
Rəsmi Tehran İran və Rusiyanın birlikdə pilotsuz uçan aparat fabriki tikdiyinə dair “The Wall Street Journal”ın məlumatını təkzib edib.
AFN.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani açıqlama verib: "Silah ixracatçıları və müharibə fitnəkarları xəbərləri saxtalaşdırmaqla özlərinin birtərəfli fəaliyyətinə və yanlış müharibə niyyətlərinə haqq qazandırmağa çalışırlar. Bu yalan xəbərdir. Təəssüf ki, münaqişə tərəflərindən birinə ən çox silah və texnika tədarük edən ölkələr saxta xəbərlər yaymaqla dünya ictimai rəyini çaşdırmağa çalışırlar. İran İslam Respublikası Ukrayna münaqişəsində heç bir tərəf tutmur və hətta bunu planlaşdırmır. Onun məqsədi münaqişənin siyasi həllinə nail olmaqdır”.
Xatırladaq ki, “The Wall Street Journal” İranın Ukraynadakı münaqişədə Rusiyanın istifadə etməsi üçün İran tərəfindən hazırlanmış 6000 pilotsuz uçan aparat istehsal edə bilən zavodun tikintisi imkanlarını qiymətləndirmək məqsədliə Moskvaya İran nümayəndə heyətinin göndərilməsi barədə məlumat yayıb. İranın təkzib etməsinə baxmayaraq, Rusiya mediası rəsmi mənbələrə istinadən birgə dron istehsalı ilə bağlı xəbəri təsdiqləyib. Zərbə dronlarının yığılması ilə məşğul olacaq zavodun artıq Kazan şəhərində təməlinin atıldığı bildirilir.
M.Vahidli