Bu videonu çəkən müəllimə töhmət verildi- VİDEO
Mil-Muğan Regional Təhsil İdarəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olan İmişli rayonu Aranlı kənd tam orta məktəbi ilə bağlı daha bir açıqlama yayıb.
İdarədən AFN.az daxil olan məlumatda qeyd olunur ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.
Məlumatda, həmçinin qeyd olunub ki, Aranlı kənd tam orta məktəbində 3 sanitar qovşağı var. Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq.
İdarədən bildirilib ki, 2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb. Eyni zamanda İmişli rayonu üzrə 5 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib, 2 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.
Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.