Dövlət Komitəsində məcburi köçkün yeniyetmələrlə görüş keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Braziliya ciu-citsusu üzrə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Açıq Bakı Turnirinin qalibi olan məcburi köçkün yeniyetmələrlə görüş keçirilib.


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan idman və gənclər siyasətinin gənc nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsinə yönəldiyi, bu sahədə böyük nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların sağlamlığı, təhsili, sosial problemlərinin həlli, mədəni inkişafı üçün zəruri şəraitin yaradılmasına böyük qayğı göstərdiyi qeyd edilib.

Vurğulanıb ki, məcburi köçkünlər arasında da bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, həmçinin bu kateqoriyadan olan yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə və yaşayış komplekslərində müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev idmançı yeniyetmələri təhsildə və idmanda qazandıqları uğurlara görə təbrik edib, onların əzmkarlığını yüksək qiymətləndirib. Qeyd olunub ki, Böyük Qayıdışın həyata keçirilməsi zamanı işğaldan azad edilmiş ərazilərdə yeni salınacaq yaşayış məntəqələrində də onların idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün zəruri şərait yaradılacaqdır.

Braziliya ciu-citsusu üzrə Açıq Bakı Turnirində mükafata layiq yerlər tutan məcburi köçkün yeniyetmələr görüşdə turnir təəssüratlarını bölüşüb, qarşıdakı yarışlara necə hazırlaşdıqları barədə danışıblar, səmimi görüşə görə minnətdarlıq bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu