Xankəndi haqqında "Sülhməramlıların nəzarətində olan" ifadəsini işlətmək düzgün deyil - EKSPERT


Bu gün, Xankəndi bölgəsini ana Azərbaycana faktiki bağlaya və onun nəzarəti altına gətirə biləcək ən məntiqi və hüquqi amil Ermənistan tərəfdən, Laçın dəhlizinə girişin Azərbaycanın tam nəzarətində olmasıdır. Həm gömrük, həm də sərhəd-keçid buraxılış məntəqələr olmaqla. Necə ki, Gürcüstan, Rusiya, İranla belə sərhəd keçid, buraxılış dövlət məntəqələri mövcuddur.


AFN.az xəbər verir ki, bunu hüquqşünas-tədqiqatçı İlqar Altay deyib. Onun sözlərinə görə, bu bölgənin hələ ki, Rusiya sülhməramlılarının fəaliyyət sahəsi olduğu müddətdə, Azərbaycan dövlətinin nəzarətində saxlanması üçün həmin bölgəyə xaricdən (Ermənistandan) giriş-çıxış da, tam dövlət nəzarətində olmalıdır: "10 noyabr bəyanatında yoxdur ki, Azərbaycana Laçın dəhlizindən giriş, sərhəddən vaz keçməlidir. Bu olarsa, artıq Xankəndi bölgəsinə xarici, İran, Ermənistan vətəndaşlarının giriş-çıxışı da, bölgədəki təbii ehtiyatların (filiz, və s.) ölkədən sərhəddən çıxarılıb daşınması, bu əraziyə silah, hərbi sursat ötürülmə avtomatik Azərbaycanın tam nəzarəti altına düşür. Bu olmazsa, istəyir, ölkə sərhədi yaxınlığında bir kiçik kənd olsun, oraya xaricdən keçidə sərhəd nəzarəti olmasa, o kənddə də dövlətin nəzarəti mümkün olmaz. Dövlət sərhədi nə üçündür bu dünya ölkələrində? Sərhəd varsa suverenlik var. Və, Azərbaycanın öz ərazisinə girişə qanuni nəzarət qoymasına heç kim etiraz edə bilməz".
İ.Altay qeyd edib ki, bütün bunları nəzərə aldıqda Xankəndi bölgəsinə faktiki nəzarət ilk növbədə həmin bölgəyə, yəni Laçın dəhlizinə Ermənistan tərəfdən giriş-çıxışı qanuni inzibati dövlət nəzarətinə götürməkdən keçir: "Azərbaycan dövlət və cəmiyyətinin də fikrimcə, əsas tədbirləri bu səmtə yönəlməlidir. Ölkə suverenliyinə təhlükə yaradan separatizm yarasının ləğvi, onun nəfəs yolunu bağlamaqla mümkündür".
Hüquqşünas hesab edir ki, Xankəndi bölgəsi haqqında "Rusiya sülhməramlıları nəzarətində olan" ifadəsini işlətmək düzgün deyil: "Bu bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla o əraziyə nəzarət rəsmi, hüquqi, siyasi olaraq, qanunla Azərbaycan dövlətinə məxsus hesab olunur. Müvəqqəti olmaqla isə bu ərazi Rusiya sülhməramlılarının BMT-in qaydalarına uyğun "sülhtəminli fəaliyyət" sahəsidir. Sadəcə, "sülhməramlıların xidmət etdiyi ərazi" deyilməlidir.
Rusiya sülhməramlılarına nə beynəlxalq qayda və qanunlar, nə 10 noyabr bəyanatı Xankəndi bölgəsinə nəzarət funksiyası, ixtiyarı ayırmayıb. Biz onları sözdə də olsa, bu əraziyə nəzarət ixtiyarlı bildikcə, onlar özlərini bölgənin sahibi hesab edir, səlahiyyət hədlərini aşırlar. Ərazini ayrıca, separat "ada" hesab edir və bu yöndə də orada separatizmə şərait yaradırlar. Qanunla isə sülhməramlıların özünə, davranış və fəaliyyətinə Azərbaycan dövləti tam nəzarət etməlidir, ərazi sahibi kimi. Artıq, "sülhməramlı" məsələsinə həqiqi, doğru baxış sərğilənməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu