Niderland Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb

Niderland parlamenti Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın-Şuşa-Xankəndi yolunu bağlaması ilə əlaqədar bir sıra fraksiyaların təqdim etdiyi sənədi qəbul edib.
AFN.az xəbər verir ki, bu barədə Niderland Krallığındakı erməni təşkilatları birgə məlumat yayıb.
Sənəddə qeyd edilir ki, 9 noyabr 2020-ci il tarixli razılaşmalara baxmayaraq, Azərbaycan Ermənistanı “Dağlıq Qarabağ”la əlaqələndirən Laçın dəhlizini bağlayıb və Ermənistandan “Dağlıq Qarabağ”a qaz nəqlini kəsib.
Sənəddə həmçinin bildirilir ki, “Rusiya sülhməramlıları bu əraziyə müdaxilə etmir və bu vəziyyət Dağlıq Qarabağ əhalisi üçün humanitar fövqəladə vəziyyət yaratmaq təhlükəsi yaradır”.
Ermıənilərin maraqlarına uyğun qəbul edilmiş qətnamədə Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb və qanunsuz olaraq “Dağlıq Qarabağ xalqı” ifadəsi işlədilib. Belə ki, parlament Niderland hökumətini Avropa Şurası ilə birgə “Dağlıq Qarabağ xalqı”na qarşı düşmənçilik hərəkətlərini dayandırmaq və dəhlizi açmaq üçün Azərbaycana müraciət etməyə çağırıb.
M.Vahidli