Putin böyük mətbuat konfransından QAÇDI


Xəbər verildiyi kimi, Vladimir Putin hər il yeni il öncəsi keçirdiyi ənənəvi böyük mətbuat konfransını ləğv etmək qərarına gəlib. Bu il belə bir “böyük sorğu-sual” olmayacaq. Eyni zamanda, onun Federal Məclisə (Duma və Federasiya Şurasının birgə iclası) illik müraciətinin olub-olmayacağı da məlum deyil.


Putinin sözçüsü Dmitri Peskov "Bu məsələ də aydınlaşdırılmalıdır", - deyə bildirib. Bununla yanaşı, Rusiya başçısının yalnız Kremlin təbliğatçıları ilə əvvəlcədən səhnələşdirilmiş toplantısının keçirilməsi istisna olunmur.

AFN.az xəbər verir ki, Böyük Britaniya kəşfiyyatı Putinin ənənəvi illik böyük mətbuat konfransından boyun qaçırmasının həmin tədbirdə “xüsusi hərbi əməliyyat”dan mümkün narazılıq ifadələrinin, suallarının səslənməsindən ehtiyat etməsilə əlaqədar olduğu qənaətindədir.

Böyük Britaniya Müdafiə Nazirliyinin 13 dekabr tarixli hesabatında kəşfiyyata istinadla bildirilir ki, Putin indiyə qədər bu mətbuat konfransları vasitəsilə guya “nə qədər açıq və düzgün” olduğunu göstərməyə çalışıb. Lakin bu dəfə son 10 ildə ilk dəfə həmin ideyasından vaz keçməli olub: “Bu mətbuat konfransında suallar öncədən yoxlanılsa da, belə görünür ki, onun təxirə salınması Kremlin Rusiyada anti-müharibə əhval-ruhiyyəsinin artmasından qorxması ilə əlaqədardır. Kremldə çox ehtiyat edirlər ki, Putinin iştirakı ilə keçirilən istənilən ictimai tədbir “xüsusi hərbi əməliyyat”la bağlı hansısa əvvəlcədən razılaşdırılmamış diskussiyalarla müşayiət oluna bilər”.
Onu da xatırladaq ki, Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bu günə qədər Putin cəmi 7 dəfə xarici səfərə yollanıb ki, onlardan biri İrana, digər 6-sı isə yaxın MDB ölkələrinə baş tutub.

Məntiqlə belə bir mətbuat konfransı Putin üçün geniş tribuna ola bilərdi. Təbii ki, əgər deməyə sözü qalıbsa...

Əslində, Putinin ənənəvi mətbuat konfransından imtina etməsi bir daha göstərir ki, Rusiya rəhbərinin ən azı psixoloji baxımdan vəziyyəti yaxşı deyil. Belə mətbuat konfransları adətən saatlarla davam edir və orada doğrudan da hansısa “köndələn” sualın verilməsi ehtimalı az deyil. Onun Ukraynada ciddi zədələnmiş psixologiyasının və səhhətinin buna tab gətirmək imkanları məhdud görünür. Baxmayaraq, ki, Putin üçün “qırmızı yalanlar” söyləmək problem deyil, yenə də elə suallar ola bilər ki, “Çar” onların qarşısında aciz qala, yaxud pis duruma düşə bilər.
Hazırda cəbhədə, beynəlxalq müstəvidə, eləcə də ölkə daxilində o qədər cavabı açıq qalan suallar yaranıb ki, onlardan hər hansı biri səslənsə, buna inandırıcı cavab vermək çətin olacaq. Məsələn, soruşa bilərlər ki:

- Rusiyanın Ukraynadakı “yeni dövlət sərhədi” haradan keçir?

-Niyə Rusiya iki ay öncə öz ərazisi elan etdiyi şəhərləri bir-bir tərk edir?

-Niyə Kreml “azad etmək” istədiyi “öz şəhərlərini” yer üzündən silməklə məşğuldur?

-“Hər şey plan üzrə gedir” deyən Putin 100 minə yaxın rus əsgərinin ölümünü, Krım körpüsünün partladılmasını, “Moskva” kreyserinin batırılmasını, Rusiya ərazisindəki hərbi aerodromların vurulmasını, ölkənin yüz milyardlarla dollar vəsaitlərinə Qərb tərəfindən əl qoyulmasını, iqtisadi, siyasi, humanitar, mədəniyyət, hətta idman sahələrində də sivil dünyadan təcrid olunmasını və s. əvvəlcədən planlaşdırmışdımı?

Nəticədə bu və buna bənzər suallara inandırıcı cavab verə bilməyən və zatən reputasiyası yerdən yerə dəymiş “Çar”-ın xarizması daha da zədələnmiş olar...

C.Məmmədov



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu