Ukrayna ABŞ-dan “F-15” və “F-16” qırıcıları ala bilər
Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukraynanın NATO standartlarına uyğun tanklar və hətta döyüş təyyarələri alacağına dair açıqlama verib.
AFN.az-ın məlumatına görə, telemarafon zamanı nazir deyib ki, Ukraynanın tərəfdaşları çox təcrübəli, praqmatik və realistdirlər.
“Bunlar təkcə siyasi deyil, həm də texnoloji və logistik danışıqlardır. Amma mən optimistəm və inanıram ki, NATO standartlarına uyğun tanklar döyüş meydanında peyda olacaq. Təkcə “Leopard” deyil, bizim artilleriyamızda olduğu kimi, indi də müxtəlif ölkələrdən səkkizdən çox 155 kalibrli sistem döyüşür. Ona görə də əminəm ki, bizim tanklarımız, hətta döyüş təyyarələrimiz də olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident Vladimir Zelenski ABŞ-dan Ukraynaya “Patriot” zenit-raket kompleksləri, “Abrams” tankları və aviasiya verməyi xahiş edib.
Müdafiə naziri Reznikov əmin olduğunu bildirib ki, ukraynalı hərbçilər Qərbin digər silah növləri kimi tank və təyyarələrini də mənimsəyəcəklər.
Hələ iyulda Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, ABŞ-ın 2023-cü il üçün müdafiə büdcəsi layihəsində “F-15” və “F-16” qırıcılarını idarə edəcək ukraynalı pilotların təlim keçməsi üçün 100 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub. Lakin ABŞ bu təyyarələrin Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etməyib.
Almaniyaya məxsus “IRIS-T” hava hücumundan müdafiə sisteminin ilk hissəsi oktyabrın ortalarında Ukraynaya gətirilib. Sonradan məlum olub ki, Almaniya Ukraynaya daha üç “IRIS-T” sistemi verəcək.
Noyabrın 7-də ABŞ 8 ədəd “NASAMS” zenit-raket komplekslərini Ukraynaya göndərib.
Noyabrın 16-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, ümumilikdə 7 ölkə Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi öhdəsinə götürüb.
M.Vahidli