BDU-da seminar: “İtaliyada türkoloji araşdırmalar”
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “İtaliyada türkoloji araşdırmalar” mövzusunda elmi seminar keçirilib.
AFN.az-a universitetin mətbiat xidmətindən verilən məlumata görə, “Kitabi-Dədə Qorqud” dastanının ikinci əlyazmasının (Vatikan nüsxəsi) italyanlar tərəfindən aşkar edilməsinin 70 illiyinə həsr olunmuş seminarda Azərbaycan dilçiliyi kafedrasının professoru Zemfira Şahbazova, Türkologiya kafedrasının dosenti İslam Vəliyev, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və fakültənin magistrantları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan laboratoriyanın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov türkologiyanın inkişafında Avropadakı əsas türkoloji mərkəzlərin, o cümlədən italyan türkoloqlarının fəaliyyətinin əhəmiyyətli rol oynadığını vurğulayıb. Bildirib ki, italyan türkoloqu Ettore Rossinin 1952-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsini üzə çıxarması türkoloji aləmdə böyük hadisə kimi yadda qalıb.
Mövzu ilə bağlı məruzə edən laboratoriyanın elmi işçisi Pərvin Eyvazov italyan türkologiyasının tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, XV əsrdən başlayaraq Avropada şərq dillərini öyrənmək və öyrətmək məqsədi ilə məktəb və institutlar açılıb, universitetlərdə kafedralar təşkil olunub, qrammatika kitabları və lüğətlər hazırlanıb. Tarixi və iqtisadi-siyasi münasibətlər zəminində meydana gələn türk-italyan əlaqələri nəticəsində İtaliyada türk dünyasına qarşı maraq artıb və bu istiqamətdə türk xalqlarının dilinə, tarixinə və ədəbiyyatına dair çox sayda əsərlər yazılıb. İtalyanların türkologiya sahəsindəki fəaliyyətləri Avropada mühüm əhəmiyyət daşıdığı kimi, türk dünyasında da xüsusi diqqət çəkir.
Məruzənin “Türk-italyan münasibətlərinin tarixinə qısa nəzər” adlı bəhsində hər iki xalq arasında yaranmış tarixi əlaqələrin səbəblərindən, italyan şəhər dövlətlərinin Şərqdə, xüsusilə türk coğrafiyasındakı iqtisadi-siyasi və diplomatik fəaliyyətindən geniş söz açılıb. “Klassik italyan türkologiyası: İtaliyada ilk türkoloji araşdırmalar” və “İtaliyada müasir türkologiya” adlı bəhslərdə isə italyanların türklər haqqında qələmə aldıqları ilk əsərlər və müasir mərhələdə italyan türkologiyasının əsas istiqamətləri haqqında geniş məlumat verilib. Avropada türklər haqqında yazılmış ilk araşdırmaların müəllifləri olan Andrea Dandolo, Filippo Argenti, Pyetro Ferraquto, Covanni Battista Donado, Cambattista Toderini, habelə müasir italyan türkologiyasının görkəmli nümayəndələri Luici Bonelli, Ettore Rossi, Alessio Bombaci, Aldo Qallotta, Anna Masala və başqa alimlərin fəaliyyətlərindən ətraflı söz açılıb, İtaliyanın Neapol Şərqşünaslıq Universiteti, Ka Foskari Venesiya Universiteti, Florensiya Universiteti, Leççe Salento Universiteti, Roma Sapientsa Universitetinin italyan türkologiyasının inkişafındakı rolundan bəhs edilib.
Sonra mövzu ilə bağlı çıxışlar edilib. Professor Zemfira Şahbazova, dosentlər Rəhilə Quliyeva və İslam Vəliyev, seminarın moderatoru Ramil Bayramov və magistrantlar çıxış edərək mövzunun aktuallığından danışıb, Avropada türkoloji dilçiliyə dair aparılan araşdırmaların ölkəmizdə təbliği və tədqiqi işinin zəruri olduğunu bildirib, belə mühüm məsələlərin elmi ictimaiyyətə geniş şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayıb, məruzəçinin çıxışını yüksək qiymətləndiriblər.
Seminar müzakirələrlə yekunlaşıb.