Bakıda avtomobillərə xidmət mərkəzinin fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
Bakıda avtomobillərə xidmət mərkəzinin fəaliyyəti dayandırılıb.
Bu barədə AFN-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Nizami rayonu, Abdulla Mirzəyev küçəsi, ev 3 ünvanında yerləşən “Diamond Tuning and Detailing” avtomobillərə xidmət mərkəzində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektin ərazisində yerləşən yanğın su hovuzuna gedən yollar və keçidlərə sərbəst yaxınlaşma təmin edilməyib;
- obyektin ərazisi və təxliyə yolları tezalışan tullantılardan təmizlənməyib və təmiz vəziyyətdə saxlanılmayıb;
- propan qaz balonundan istifadə edilməsinə və propan qaz balonlarının oksigen balonu ilə birlikdə saxlanılmasına yol verilir;
- obyekt yanğına qarşı sistem və qurğularla (tüstüyə qarşı qoruma, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğuları, yanğına qarşı su təchizatı sistemləri və s.) təchiz edilməyib;
- elektrik təchizatı və qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən avtotəmir sahələrində müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib;
- obyektin zəruri sahələri norma və qaydaların tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;
- siqaret çəkilməsi, açıq odun tətbiq edilməsi və qaynaq işlərinin aparılması yerləri müəyyənləşdirilməyib;
- yanğın hadisəsi baş verdikdə işçilərin vəzifə və davranışları izah olunmayıb, müvafiq əmrlə təsdiq edilməyib;
- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
"Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Abdulla Mirzəyev küçəsi, ev 3 ünvanında yerləşən “Diamond Tuning and Detailing” avtomobillərə xidmət mərkəzində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.