Cənubi Qafqazda Vaşinqton önə keçib: Putin prosesi poza bilər...
"Blinken Əliyev və Paşinyana zəng etdi: Vaşinqton Avropa İttifaqı və Fransanın vasitəçiliyi ilə qurulan təmaslarda öz ağırlığını ortaya qoyur, lakin zəngin əsas məqsədi Astana sammitindən öncə “saatları yoxlamaq”dır. MDB Dövlət Başçıları Şurasının oktyabrın 14-də Astanada keçiriləcək iclasında Azərbaycan və Ermənistan liderləri də iştirak edəcək. Və bu, Putin-Əliyev-Paşinyan formatında görüşün keçirilə biləcəyi imkanını da yaradır. İstisna deyil ki, Moskva Qərbin vasitəçiliyi ilə qurulan təmaslardan tutmuş Praqa anlaşmasına qədər bütün məsələləri arxa plana keçirməyə çalışacaq".
AFN.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, ABŞ Qərb masasındakı anlaşmaları qorumağa və tərəflərin buna sadiqliyini saxlamağa çalışır: "Burada diqqətçəkən məqamlardan biri rolların dəyişməsidir: adətən Rusiya Qərb masasındakı görüşlərdən öncə tərəflərlə “saatları yoxlayırdı”, indi bunu ABŞ edir və bu, Cənubi Qafqazda Vaşinqtonun önə çıxdığına işarədir. Hərçənd, Putinin prosesi pozmaq imkanı hələ də tükənməyib".