Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar
2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.
Bu barədə AFN-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.
Təlim oktyabrın 14-dək davam edəcək.