MTN generalı apellyasiya şikayəti verib, əmlakın geri qaytarılmasını istəyir


Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib, əmlakın geri qaytarılmasını istəyir.


Bu barədə onun vəkili Arzu Cavadov bildirib.

O deyib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib: "Müsadirə olunan əmlakların geri qaytarılmasını tələb edirik. Birinci instansiya məhkəməsinin müvəkkilim barəsində çıxardığı hökmlə razılaşmırıq".

İttihama görə, M.Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

M.Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə M.Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, onun və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar müsadirə olunub. Məhkəmə həmin əmlakları dövlət nəfinə keçirilməsi barədə hökm çıxarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu