Şəhid dəfnlərindəki dini şüarlar: Təşkilatlanma varmı?


Şəhid dəfnlərində dini şüarların səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Hansısa dini qruplaşmalara xidmət etdikləri haqda müəyyən şübhələr yaranan qrupların erməni təxribatları nəticəsində şəhid olan hərbi qulluqçularımızın dəfn mərasimlərinə gəlməsi və burada müəyyən diktələr etməyə çalışması narazılığa səbəb olub. Doğrudanmı ortada təşkilatlanmış fəaliyyət var?




Sosioloq Lalə Mehralı AFN.az-a açıqlamasında bunun təhlükəli olduğunu vurğuladı. Lalə xanım həmçinin bu əməlin şəhidlərimizin əziz ruhuna hörmətsizlik olduğu fikrindədir: “Biz bu məsələyə son günlər sosial şəbəkələrdə çox rastlaşırıq. Hədsiz dərəcədə çox təhlükəli bir məsələdir. Bunu müzakirə etmək, gündəmdə saxlamaq, lazimi orqanların diqqətinə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Kim olursaq olaq, bu məsələdə yekdil fikirdə olmalıyıq. Artıq əksəriyyət şəhidlərimizin ruhuna hörmətsizlik olduğunun fərqindədi. Lakin ora toplaşan qaragüruh bunun fərqində deyil. Onlar II Fəxri Xiyabanın önündə dəstə halında gözləyirlər. Xiyabana daxil olan hər bir şəhidin nəşi ətrafında birləşib, dediyimiz mərsiyələrdən oxuyurlar. Bu hallar rayonlarımızda da baş verir. Bu günlərdə bir şəhidimizin anası bununla bağlı ciddi etirazını bildirdi. Onlar da susdular. Məncə, bütün şəhid dəfnlərində buna ciddi etiraz etmək lazımdır. Onları oradan uzaqlaşdırmaq lazımdır. Qara geyimli insanların oxuduğu mərsiyələr şəhid ruhu üçün heç bir əhəmiyyət kəsb etmir.
Ümumiyyətlə Azərbaycan kişisi niyə sinəsinə döyməli, yaxud ağı deməlidir? Bu, Azərbaycan kişisinə yaraşmır. Ona görə dövlətimiz də bununla bağlı ciddi ölçü götürməlidir. Bu insanlar dəfn mərasimlərindən uzaqlaşdırılmalıdır”.



“Kəlam” jurnalının redaktoru Niyazi Niftiyev isə düşünür ki, dini şüarlardan qorxmaq lazım deyil: “Azərbaycan dünyəvi dövlətdir. Dini inanclara münasibət yüksək səviyyədədir. Subyektiv olaraq düşünmürəm ki, şəhidlərimizin dəfnində dini şüarların səsləndirilməsi hansısa təşkilatlanmadan xəbər verir. Çünki rayonlarda şəhid evlərinə gedəndə bir tərəfdən şəhidin şəkili varsa, digər tərəfdən hansısa dini kəlamın yazıldığını görürük. İstisnalar hər zamanki kimi ola bilər. Təşkilatlanma da həmçinin. Azərbaycan kifayət qədər inanclı ölkədir. Dini şüarların səsləndirilməsidən qorxmaq lazım deyil. Sadəcə, onu təhlükəli həddə, fanatizmə çıxarılmasından ehtiyat etmək lazımdır”.

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu