Suriyada saxlanılan 12 Azərbaycan vətəndaşı Vətənə gətirilib


Sentyabrın 10-da Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 12 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Onlar arasındakı 7 və 10 yaşlı bacı-qardaş hər iki valideynini itirib.


Bu barədə AFN.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, repatriantların ölkəyə gətirilməsi Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri nəticəsində reallaşıb. Əvvəlcə onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə ərazisindən tranzit keçidi təmin olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul müvafiq dövlət qurumlarının daxil olduğu işçi qrupun Türkiyəyə ezam edilmiş nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib.

Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə və qəyyumlarına təhvil veriləcək. Azərbaycan hökuməti tərəfindən onların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Repatriasiyanın həyata keçirilməsində Azərbaycanın aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti, habelə Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək bu prosesin təşkilində effektiv və səmərəli əməkdaşlığa görə bütün aidiyyəti dövlət qurumlarına öz təşəkkürünü bildirir.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkələrdə çətin vəziyyətdə düşmüş və yardıma ehtiyacı olan Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu