Növbəti "Qisas" üçün münbit şərait yaranıb - Hərbi ekspert
“Baş verən atəşkəs pozuntuları Azərbaycan Ordusunun növbəti cəzalandırma əməliyyatı keçirməsi üçün münbit şərait yaradır. Görünür, ermənilər "Qisas" əməliyyatından nəticə çıxarmayıb”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ermənilərin son günlərdə atəşkəsi pozması ilə bağlı danışarkən deyib.
Ekspert hesab edir ki, erməni tərəfinin atəş açdığı mövqelər yerləşdiyi ərazi və coğrafiyadan asılı olmayaraq, tamamilə darmadağın edilməli, Azərbaycan Ordusunun bayrağı və şəxsi heyəti həmin ərazilərdə yerləşdirilməlidir:
“Artıq neçənci dəfədir ki, Ermənistanın siyasi rəhbərliyinin Azərbaycan Prezidentilə görüşündən dərhal sonra atəşkəsin intensiv şəkildə pozulması halları ilə rastlaşırıq. Bu bir daha onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyində bir çox generallar hələ də Paşinyanın həyata keçirdiyi fəaliyyətlərlə tam razı deyil. Zaman-zaman erməni hərbçilər bu proseslərə ziyan vurmağa çalışırlar. Lakin bu Azərbaycan tərəfini dərindən maraqlandırmır. Biz Ermənistan tərəfinin Rusiyanın vasitəçiliyilə imzaladığı birgə bəyanatın şərtlərini yerinə yetirilməsini tələb edirik. Azərbaycan tərəfi olaraq, bu bəndləri bir-bir Ermənistan tərəfinə qəbul etdirəcəyimzə heç bir şübhəm yoxdur. Həm Ermənistan tərəfi, həm də Qarabağdakı separatçılar həyata keçirdikləri atəşkəs pozuntuları və bu tipli fərqli təxribatlardan kifayət qədər ağrı-acılı nəticələr əldə edəcəklər”.