İçərişəhərdə polislə gənclər arasında insident - 3 nəfər həbs edilib
Bir neçə gün əvvəl Səbail rayonu İçərişəhər Tarixi Memarlıq Qoruğunun ərazisində insident baş verib.
Qoruq ərazisində polis əməkdaşı Murad Quluzadə (soyadlar şərtidir) buruntaqsız “Stuff” cinsi iti gəzdirən 4 gəncə (3 oğlan və 1 qız) yaxınlaşıb. O, gənclərə itə buruntaq taxılmalı olduğunu, ətrafdakı insanların, xüsusilə uşaqların qorxa biləcəyini deyərək irad bildirib və İçərişəhərdə bu formada it gəzdirməyin qadağan olduğunu vurğulayıb. Bu zaman gənclər əvvəlcə itin təhlükəsiz olduğunu deyiblər və polis əməkdaşı onlardan tələbini davam etdirincə, “Bizim kim olduğumuzu bilirsən?!”, deyərək münaqişə yaradıblar. Münaqişə zəminində onlar M.Quluzadəyə fiziki müdaxilə ediblər, polis əməkdaşı yerə yıxılıb. Bundan sonra əraziyə Səbail RPİ 9-cu PB-nin əməliyyat qrupu gəlib və polisin tələbinə əməl etməyən şəxslər bölməyə gətirilib.
Məlum olub ki, onlar Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi, 2003-cü il təvəllüdlü Yusif Nəbiyev, onun qardaşı, 1999-cu il təvəllüdlü Oqtay Nəbiyev və Cəmil adlı dostlarıdır.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə inzibati protokol tərtib edilib. Gənclər daha sonra Səbail Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Yusifə 20, qardaşı Oqtaya 10, Cəmilə isə 8 sutka həbs cəzası verilib. Onlarla birgə olan qız isə sərbəst buraxılıb.