Prezident sərhəddə komissiyaların birinci görüşündən danışdı
“Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Minsk qrupu ilə bağlı mən öz fikirlərimi demişdim, bir daha təkrar etməyə ehtiyac yoxdur və indi postmünaqişə dövrüdür. Biz bu dövrdə yaşayırıq və postmünaqişə dövründə də biz gündəliyi diktə edirik və müharibədən keçən ilyarım ərzində nəyi istəmişiksə ona nail olmuşuq”.
AFN.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşündə deyib.
“Nəyi demişəmsə buna biz nail olmuşuq, ya da ki, nail oluruq. Birincisi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür də ola bilərdi. Bu, bizim çox böyük siyasi uğurumuzdur. İkincisi, bizim gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür.
Mən demişdim ki, biz Ermənistanla sərhədləri müəyyən etməliyik. Ermənistan bundan imtina edirdi, ilyarım imtina edirdi. Amma nəticə nə oldu? Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu sərhədləri müəyyən edəcəyik və bu, çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt etmişlər. Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?! Qarabağ zonası var, Qarabağ diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var”, - deyə dövlət başçısı qeyd edib.