Mixeil Saakaşvili həbsxanadan klinikaya köçürülə bilər
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisidəki özəl klinikalardan birinə köçürülə bilər.
Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə bildirib.
Nazir qeyd edib ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağırlaşmasının qarşısını almaq üçün onun xəstəxanaya köçürülməsi təklif olunur: “Məhbus Saakaşvili özəl klinikada müayinədən keçirilə və lazım gələcəyi halda müalicə də ala biləcək”.
Qeyd edək ki, M.Saakaşvilinin sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.
Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. O, hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. (Report)