Azərbaycanın seysmik ərazilərində 10 stansiya quraşdırılıb
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) hazırda 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var.
AFN.az xəbər verir ki, bunu RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
O bildirib ki, mərkəz beynəlxalq əməkdaşlıq məsələlərinə hər zaman xüsusi önəm verir: "Bu əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır. Ötən il mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlərin imzalanıb"
Onun sözlərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunan razılaşmalar gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir.
RSXM-nin baş direktoru dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığını və palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsi ilə öyrəniləcəyini də qeyd edib: "Palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyalardan 10 stansiya artıq quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq".