Azərbaycanda zəlzələ ocaqları ilə bağlı açıqlama
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclası keçirilib. AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə iclas “Zoom” platforması üzərindən onlayn şəkildə keçirilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən verilən məlumata görə, iclasda AMEA Yer Elmləri bölməsinin və AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının üzvüləri, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və mütəxəssislər iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2020-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinə dair yekun hesabatını mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli təqdim edib.
2020-ci ilin bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya təhlükəsinin yarandığını qeyd edən baş direktor bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən dövlət əhəmiyyətli qurumlar siyahısında Respublika Seysmoloji Xidmət Mərkəzi də olduğuna görə, mərkəz işini sanitar-epidemioloji qaydalara riayət etdirməklə fasilə vermədən il boyu davam etdirib.
Bu baxımdan da mərkəzin fəaliyyətində hər hansı geriləmələrin olmadığını bildirən baş direktor dövlət qurumları tərəfindən RSXM-ə daxil olan sənədlərdə əksini tapan məsələlərin həllini tapdığını deyib.
2020-ci ilin Azərbaycan tarixinə işğal olunmuş torpaqlarımızın azad edilməsi ili - Zəfər ili kimi daxil olduğunu deyən Qurban Yetirmişli bu münasibətlə bütün xalqımızı və konfrans iştirakçılarını təbrik edib.
RSXM-nin əməkdaşlarının da Vətən müharibəsində iştirak etdiklərini deyən baş direktor “Saatlı” stansiyasının əməkdaşı, baş leytenant Sadiq Haxıyevin Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncamla “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildiyini qeyd edib.
Müharibə dövründə Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat, RSXM-nin Həmkarlar Təşkilatı tərəfindən isə 1000 manat ianə edildiyini qeyd edən baş direktor həmçinin mərkəzdə çalışan döyüşçü ailələrinin və şəhid ailələrinin diqqətdə saxlandığını, onlara müvafiq maddi yardım göstərildiyini vurğulayıb.
Daha sonra baş direktor elmi-tədqiqat işləri haqqında danışıb. Bildirib ki, 2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb.
Həmçinin Mərkəzin Monitoriq Mərkəzi tərəfindən 2301 uzaq zələlələr də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml> 3-dən yuxarı olan 74 zəlzələ qeydə alınıb.
Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.
Bildirilib ki, hazırda respublika ərazisində 62 stansiya vasitəsi ilə tədqiqatlar aparılır. 2021-ci ildə isə daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq.
RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. 2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur.
Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaqdır.
İclasda həmçinin mərkəzdə aparılan geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar zamanı alınmış nəticələr də təqdim edilib.
Mərkəzin beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq məsələləri, operativ informasiya təminatı və mətbuatla əməkdaşlığa dair görülən işlər də diqqətə çatdırılıb. Bildirilib ki, mərkəzin İnformasiya şöbəsi aktiv fəaliyyətinə görə AMEA-nın Yer Elmləri bölməsi tərəfindən “Fəxri Fərman”la təltif edilib.
Hesabatın təqdimatından sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik Əkbər Feyzullayev, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmlər doktoru Çingiz Əliyev və digərləri çıxış edərək hesabatla bağlı öz fikirlərini açıqlayıblar. Hesabat yekdilliklə qəbul edilib.