Uşaqpulu fəlsəfəsi və ya hökumətin savadsızlığı


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev uşaq pulu ilə bağlı bəzi fikirlər səsləndirib, deyib ki, ölkədə demokrafik vəziyyət yaxşıdır deyə uşaqpulu verməyə lüzum yoxdur. Daha sonra qeyd edib ki, ölkədə 2,7 mln. nəfər yaşı 18-ə qədər olan uşaq var, onların hərəsinə 100 manat verilsə ilə 3,3 mlrd. manat vəsait lazımdır ki, bu da böyük məbləğdir.


Sahil Babayevin ən böyük səhvi odur ki, uşaq pulu məsələsini sırf demokrafik vəziyyətə bağlayır – doğrudur, bəzi ölkələrdə doğuşu stimullaşdırmaq üçün uşaqpulu artırılır, ödənilir, amma bu ödənişin fəlsəfəsi başqadır, bu demokrafik deyil də, sosial məsələdir, dövlətin sosial öhdəliklərini yerinə yetirməsi, sağlam, təhsilli vətəndaş yetişdirmək konsepsiyasının tərkib hissəsidir.
Bundan başqa Sahil Babayev həm də doğru demir – ölkədə doğuş azalır, nəzərəçarpacaq azalma var, yaydığım qrafikdə bunu aydın görə bilərsiniz.
Azərbaycan hökumətinin yanlışı, savadsızlığı ondan ibarətdir ki, istənilən sahədə ödədiyi vəsaiti dövlətin lütfü, alicənablığı sayır, sanki dövlətin büdcəsinin xalqa, vergilərə, Konstitutsiyaya görə xalqa məxsus olan təbii sərvətlərə aidiyyatı yoxdur. Düşünürlər ki, xalqa ödədiklərini ciblərindən verirlər – belə yanaşmanın tək səbəbi ölkədə vergi-seçki bağının tam qopmasından irəli gəlir. Hökumət seçkili olmadığı halda vergi toplayır, vergiləri seçki olmadığıına görə nəzarətsiz xərcləyir və buna artıq öyrəşiblər, elə bilirlər ki, normal olan da məhz budur.
Yaxşı, çıxış yolu nədir?! Məncə, ilkin mərhələdə uşaqpulunun yaş qruplarına uyğun təyin edilməsi lazımdır, çünki, beynəlxalq hesabatlar da göstərir ki, valideynlər üçün ən çox xərc yükü məhz 0-5 yaş arası olur – xüsusi baxım malları, xüsusi yeməklər, səhiyyə xərcləri məhz bu yaş qrupunda daha çox olur. Ölkədə 0-5 yaş arası 710 min uşaq var, ilkin mərhələdə hər birinə 150 manat ödəmək üçün 1 mlrd. 278 mln. manat vəsait lazımdır – bu vəsaiti ödəməyə dövlətin pulu var, çünki, zatən müxtəlif sosial paketlərdə 600 min uşağa ödənişlər edilir, bunun üçün büdcədə vəsait indi də var. Deməli təsnifatı dəyişməklə, ünvanlılığı və şəffaflığı artırmaqla ilkin mərhələdə 710 min 0-5 yaş arası vətəndaşlarımıza uşaqpulu vermək olar. Amma burada önəmli nəzarət mexanizmi də yaradılmalıdır ki, valideynlərin xərcləmə məsuliyyəti də olsun – yəni, həmin vəsaitin məhz uşaqlara xərclənməsi üçün monirotinq mexanizmi də qurulmalıdır, bunun yolları, beynəlxalq uğurlu təcrübələri var.
Bir daha: Hökumət bu işin fəlsəfəsini öyrənərək ilkin mərhələdə 0-5 yaş uşaqlara ayda 150 manat ödəmək öhdəliyi götürür, 2025-ci ilə qədər bu mexanizm işləyir, doğuşun azaldığını nəzərə alaraq 2025-ci ildə 0-5 yaş arası uşaqların sayı 600 min civarında olacaq, o yaş qrupuna ödənilən illik vəsait azalacaq, cəmi 1 mlrd. manata düşəcək. Deməli 2025-də yaş qrupunun sərhədlərini artırmaq olar, 2025-dən sonra 0-5 yaş deyil, 0-10 yaş arası vətəndaşlara 150 manat ödəmək mümkün olacaq. Növbəti 5 ildə bu mexanizm işləsə, 2030-cu ildə artıq 0-15 yaş arası vətəndaşlarımıza ayda 150 manat ödəmək üçün iqtisadi imkanlar formalaşacaq. Beləliklə, ağılla, vicdanla, şəffaflıqla bu işə yanaşsalar, 2022-2030-cu illər arası 0-15 yaş qrupuna aid olan bütün uşaqlarımıza ayda 150 manat (bu günkü məzənnə ilə 88 dollardır, buna müvafiq olaraq manat ekvivalentində - çünki, yaxın 8 ildə manatın məzənnəsi indiki kimi olmayacaq) ödəniş etmək mümkündür - dövlət gələcək nəsillər qarşısında sosial məsuliyyətini hiss etməlidir...

Natiq CƏFƏRLİ, REAL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu