Kimin jurnalist olduğuna dövlət qərar verməməlidir - ekspert
Kimin jurnalist olduğuna dövlət qərar verməməlidir. Media haqqında qanun layihəsinin 70-ci maddəsi isə deyir ki, olmaz, kimin jurnalist sayılacağına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qərar verəcək.
AFN xəbər verir ki, bunu media eksperti Rizvan Qənbərli deyib. Onun sözlərinə görə, dünya təcrübəsində çox az ölkə var ki, onlarda bir jurnalist vəsiqəsi dövlət tərəfindən verilir: "Qalan ölkələrdə isə jurnalistlərin özlərinin yaratdığı peşə təşkilatları, xüsusilə də həmkarlar ittifaqları tərəfindən vahid vəsiqə verilir. Arzulayan misal üçün İngiltərə, Almaniya, Fransa, İtaliya təcrübəsinə baxsın.
Jurnalistlərin, onların peşə cəmiyyətlərinin görməli olduğu işi dövlət özünə vəzifə, jurnalistlərə məcburiyyət kimi ortaya qoymamalıdır. Mediası inkişaf etmiş ölkələrdə jurnalistlər öz peşə cəmiyyətlərini, təşkilatlarını yaradırlar, onlar da formalaşdırdıqları peşəkar komissiyalar vasitəsilə kimin jurnalist vəsiqəsi ala biləcəyinə qərar verirlər. Azərbaycanda isə bunu tələb etməli olan müvafiq jurnalist cəmiyyətlərinin rəhbərləri əl-ələ tutuşub qanun layihəsinin təbliğatıyla məşğuldurlar. Sabah vəsiqə ala bilməyəcək və ya üç il sonra vəsiqəsi yenilənməyəcək jurnalistlər bu gün qanun layihəsinə əl çalırlar. Sabah dövlətin verdiyi vəsiqə olmadığı üçün tədbirlərə alınmayacaq jurnalistlər bu gün qanun layihəsini mütərəqqi addım kimi qiymətləndirirlər".