Bakıda reklam lövhələri niyə sökülür?
Sentyabr ayının əvvəllərindən etibarən Bakıda binaların üzərində və fasadlarında quraşdırılan reklam monitorları sökülməyə başlanılıb. Əvvəlcə bununla bağlı sahibkarlara xəbərdarlıq edilib və 3 gün vaxt verilib ki, söküntü işlərini özləri görsünlər. Qeyd olunan vaxt ərzində sökülməyən lövhələr daha sonra binalardan yığışdırılıb.
Buna etiraz edən bir qrup sahibkar söküntü işlərinin qeyri-qanuni həyata keçirildiyini bildirib. “Air Group”, “New Line”və “Times Consulting” şirkətlərinin nümayəndələri reklam lövhələrinin sökülməsi nəticəsində onlara böyük həcmli maddi zərər dəydiyini iddia edir:
“Bütün müvafiq sənədlərin, o cümlədən Dövlət Reklam Agentliyi tərəfindən təqdim olunmuş rəsmi icazənin olmasına baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları tərəfindən bütün binalarda olan "bilboard"larımız sökülüb. Söküntünü həyata keçirən şəxslər heç bir rəsmi sənədə əsaslanmayıblar. Həmçinin reklam qurğularımız arxitekturalı binalarda olmayıb. Lövhələr yararsız və bərpa olunmayacaq vəziyyətə salaraq naməlum istiqamətdə aparılıb. Ümumilikdə Bakı şəhərində olan 14 qurğudan 10-u sökülüb. Biz də bilmək istəyirik ki, hansı əsasla bizim qurğularımızı sökürlər? Bu qurğuların niyə məhz 10 ədədi sökülüb?”
Şikayətçilərin sözlərinə görə, sözügedən şirkətlər pandemiya dövründə işçiləri işdən çıxarmayıblar, kreditlər götürərək fəaliyyətlərinə davam etdiriblər. Hazırda yaranmış vəziyyət səbəbindən külli-miqdarda ziyana düşmələri həm də işçilərin iş yerlərini itirmə təhlükəsi ilə üz-üzə qoyub:
“Biz kredit götürdük ki, işimiz axsamasın. İndi də qurğularımızı yığışdırmaqla bizi külli miqdarda ziyana salıblar. Bu sahibkarların fəaliyyətinə süni əngəl yaradır, onların vəziyyətini ağırlaşdırır, yüzlərlə Azərbaycan vətəndaşını öz iş yerlərini itirməsi təhlükəsi ilə üz-üzə qoyur”.
Sahibkarlar yaranmış problemlə bağlı Baş Prokurorluğa müraciət olunduğunu və araşdırmalara başlanıldığını qeyd ediblər.(Qafqazinfo)