Kamran Ağayev Məşğulluq Agentliyindən şikayətçidir - YENİLƏNİB
Azərbaycan millisinin sabiq üzvü, tanınmış qapıçı Kamran Ağayev Dövlət Məşğulluq Agentliyinin Şabran rayon Məşğulluq Xidmətindən şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən futbolçu bildirib ki, öz obyektini həmin filiala icarəyə versə də, 5 aydır kirayə pulunu ala bilmir. K.Ağayev sözügedən dövlət qurumu ilə müqavilə bağladığını və onun əsasında icarə haqqı tələb etdiyini bildirib:
“Şabran Rayon Məşğulluq Xidməti ilə rəsmi şəkildə müqavilə bağlamışıq. Əvvəlki 5 ayın icarə haqqını ödəyiblər. Geridə qalan 5 aylıq ödənişi isə vermirlər. Filialın rəhbərinə müraciət etmişəm, cavab bu olub ki, “get, məhkəməyə ver. Əgər orada sənin lehinə qərar çıxsa, biz pulu ödəyəcəyik””.
K.Ağayev bildirib ki, xidmət müqavilədə səhvlər olduğunu əsas gətirərək ödənişdən yayınır: “Mənə deyirlər ki, sən o müqaviləyə görə bizdən icarə haqqı ala bilməzsən. Necə ola bilər ki, hansısa rəsmi dövlət orqanında imzalanan sözləşmə yanlış olsun?”
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etsək də, sorğumuza cavab verilməyib.
***
Kamran Ağayev daha sonra “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, Şabran Məşğulluq Xidməti qalan 5 aylıq icarə ödənişini edib.