Hakimin qalmaqallı qərarı: qanun hamıya bərabər xidmət etmədikdə...


Bəzən məhkəmələrdə hakimlərin verdiyi qərarların ədaləti şübhə doğurur. Bu barədə daha ətraflı danışaq ki, özünüz nəticə çıxara biləsiniz.
Söhbət "Novatek" MMC və "Azərbaycan Notariat Palatası" arasındakı məhkəmə prosesindən gedir.


"Novatek" MMC "Bakı Ağ Şəhər Ofis Binası" MMC-dən ofis icarə götürərək onu "Azərbaycan Notariat Palatası"na subicarəyə verib. Pandemiya zamanı "Novatek" MMC "Bakı Ağ Şəhər Ofis Binası" MMC-yə müraciət edərək, aralarındakı müqavilənin “fors-major halların baş verməsi” bəndinə uyğun olaraq, pandemiya dövrü üçün icarə haqqının hesablanmasının dayandırılmasını xahiş edib. Lakin xahiş rədd edilib və şirkət ədalətli qərar üçün məhkəməyə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsi “Novatek” MMC ilə “Bakı Ağ Şəhər Ofis Binası” MMC arasında icarə haqqı ilə bağlı mübahisə üzrə “Bakı Ağ Şəhər Ofis Binası” MMC-nın xeyrinə qərar çıxarıb.
Qərarda bildirilir ki, pandemiyaya baxmayaraq, icarə haqqı istisnasız olaraq hamı tərəfindən mütləq ödənilməlidir və bu barədə xüsusi məhkəmə təcrübəsi yaranıb.

Ali Məhkəmənin qərarı ilə qərar qüvvədə saxlanılıb və hakimlər şirkətə subicarəçi olan “Azərbaycan Notariat Palatası”ndan icarə haqqı tələb etmək hüququndan istifadə etməyi tövsiyə ediblər. Sadə dillə desək, icarə haqqıni subicarəçidən alıb icarə verənə ödəmək məsləhəti görülüb.

Məhkəmə qərarını icra etmək üçün şirkət subicarəçidən ödəniş almaq və icarəyə verənə ödəmək niyyəti ilə müraciət etsə də “Azərbaycan Notariat Palatası” pandemiya dövründə icarə haqqının ümumiyyətlə ödənilməməsi lazım olduğunu hesab edib.

Bu səbəbdən “Novatek” MMC “Azərbaycan Notariat Palatası”nı məhkəməyə verib və müqavilədə göstərilən icarə haqqının ödənilməsini tələb edib.

Burada isə məlum olub ki, bu xüsusi məhkəmə təcrübəsi nədənsə hər kəsə şamil edilmir. Maraqlı və təəccüblü burasıdır ki Nəsimi Rayon Məhkəməsinin şirkətin əleyhinə qərar çıxararaq “Azərbaycan Notariat Palatası”nın icarə haqqını ödəməyə biləcəyini bildirib.

Sual yaranır: əgər məhkəmə pandemiyaya baxmayaraq, icarə haqqının ödənilməli olduğunu qəbul edibsə, niyə eyni prinsip “Azərbaycan Notariat Palatası”na da şamil edilmir? Niyə məhkəmə eyni mübahisədə ikili standartlar tətbiq edir? Məhkəmələrdə ədalət anlayışı subyektlərdən asılı olaraq fərqlənirmi? “Azərbaycan Notariat Palatası” toxunulmazmı oldu?

Bu işdə başqa bir sirr də çıxarılan hökmün məntiqsizliyidir: Məhkəmə subicarəçini icarə haqqını ödəmək öhdəliyindən azad edir, lakin eyni zamanda icarəçidən icarə haqqını ödəməyi tələb edir. Sual yaranır: digər tərəfdən ödənişi almadan, bir tərəfdən ödənişi yerinə yetirməyi necə tələb etmək olar? Bu, məntiqsiz olmaqla yanaşı, həm də ədalətsizlik deyilmi?!

"Novatek" MMC, ədalətli bir qərar verilənə qədər fəaliyyətini dayandırıb.

Şirkət Bakı Apellyasiya Məhkəməsinin daha ədalətli qərar çıxaracağı ümidi ilə apellyasiya şikayəti verib və aidiyyatı strukturları və ictimaiyyəti işi nəzarətdə saxlamağa çağırır. Belə hallarla bağlı yaranmış məsələlər cəmiyyətin diqqətini hakimlərin hərəkətlərinə yönəldərək qiymət verilməsini tələb edir.

Ali Məhkəməyə yeni sədrin gəlişi ilə məhkəmə-hüquq sistemində islahatlar daha da nəzərə çarpır və vüsət alır. Əminik ki, zaman keçdikcə məhkəmə sistemində qanunsuz və biabırçı qərarlar verən hakimlər olmayacaq. Lakin belə hallar varsa, cəmiyyət aidiyyatı qurumların diqqətini onlara cəlb etməklə ictimailəşdirməyə borcludur.

AFN.az İqtisadiyyat şöbəsi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu