"Keşlə" klubu ilə bağlı qalmaqal: Stadionun icarəhaqqını ödəmir?


Artıq 2 ildir ki, "Keşlə" FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir.


AFN xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O bildirib ki, məsələ ilə bağlı özünə edilən müraciətdən sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəyib: "Buna görə "Keşlə FK" prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə dəfə danışmışam. Borcu etiraf edib, ödəyəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu, AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələrin əməkhaqqısız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur. Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin.
Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib, korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin #AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin.
Bilirəm ki, Baş Prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstərişi vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar".
İddialarla bağlı nə AFFA-dan, nə də klubdan açıqlama almaq mümkün olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu