“Türkiyənin yanımızda olması bizə güc verir” -
“Son vaxtlar artan təlimlər sayəsində Azərbaycan Silahlı Qüvvələri böyük təcrübə qazanıb. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təlimlər gələcəkdə də davam edəcək”.
Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.
“Prezidentlərimiz arasında mövcud olan səmimi münasibət ölkələr arasındakı əlaqələrə və qarşılıqlı etimadın yaranmasına müsbət təsir göstərir”, - deyə Zakir Həsənov bildirib.
Bununla yanaşı, Z. Həsənov Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyat zamanı daim Türkiyənin dəstəyini gördüyünü diqqətə çatdırıb:
“Müharibə zamanı Türkiyə Prezidenti, müdafiə naziri və digər yüksək vəzifəli şəxslər dəfələrlə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstəriblər. Onların bəyanatları Azərbaycanın tək olmadığını və Türkiyənin daima Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərib. Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini çox dəyərli olaraq qiymətləndirir. Türkiyə tərəfindən göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm”.