Məşhur idmançımız Tokioya yollana bilmədi


Parataekvondo üzrə dünya və Avropa çempionatlarının qalibi Aynur Məmmədova koronavirus testinin pozitiv çıxması səbəbindən 16-cı Yay Paralimpiya Oyunlarının keçirildiyi Tokioya yollana bilməyib.


Bu barədə Fanat.Az-a idmançının özü məlumat verib. Bir həftədən çoxdur infeksiyaya yoluxduğunu bildirən millimizin üzvü yenidən test verəcəyini deyib: "Hazırda özümü yaxşı hiss edirəm. Sabah bir də test verəcəyəm. Əgər yenidən pozitiv çıxsa, Paralimpiadada iştirak etməyəcəyim dəqiqləşəcək".

İdmançı üzləşdiyi durumla bağlı dərin məyusluq keçirdiyini bildirib: "Özümü yarışa tam hazır hiss edirdim. Rəqiblərlə savaşa kökləndiyim vaxtda koronavirusla döyüşəsi oldum. Çox məyusam. Ancaq neyləmək olar, deməli, qismət belə imiş".

Qeyd edək ki, millimizin Paralimpiya Oyunlarına lisenziya qazanan digər üç üzvü - Röyalə Fətəliyeva, İmaməddin Xəlilov və Əbülfəz Abuzərli avqustun 26-da Tokioya yola düşüb.

Aynur Məmmədovanın yer aldığı +58 kiloqram çəki dərəcəsi üzrə mübarizə sentyabrın 4-də baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu