Mahir Emreli: "Polşa çempionatının səviyyəsi Azərbaycandakından yaxşıdır"


"Qarşılaşmada bir hücumçunun olub-olmayacağına və ya Tomaş Pekqartla birlikdə meydana çıxacağımızı baş məşqçi müəyyənləşdirəcək. Taktikanı təyin edən odur və buna uyğunlaşmalıyam. Hələ öyrənirəm, bu, mənim üçün asan deyil".


"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli Varşavada Çexiyanın "Slaviya" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

24 yaşlı hücumçu ilk matçda qol vurduqdan sonra Pekqarta yaxınlaşmasına münasibət bildirib: "Oyundan əvvəl bunu edəcəyimi bilmirdim. Reaksiyam emosional idi. Tomaş bizim üçün vacib oyunçudur. Onun köhnə klubuna oynamaq istədiyini bilirdim, ayaq biləyi burulandan sonra üzündəki kədəri gördüm. Bilirəm ki, "Legiya" "Qarabağ"la qarşılaşsa, oynaya bilməsəm, eyni reaksiyanı verərdim.

Azərbaycan millisinin üzvü bir neçə matçda qol vurmadığını xatırladıb: "Bilirəm ki, hücumçu nəsə etməlidir. Bu, mənim üçün ən vacib şey deyil, qələbələr önəmlidir. Dünya çempionatı zamanı qol vurmayan, amma sonda Fransa ilə çempion olan Olivye Jiru buna nümunədir. Düşünürəm ki, bugünkü futbolda forvardın qol vurması o qədər də önəmli deyil. Ən başlıcağı komandaya bacardığın qədər xeyir verməkdir".

Emreli Polşa çempionatının səviyyəsinin Azərbaycan Premyer Liqasından daha yaxşı olduğunu sözlərinə əlavə edib: "Azərbaycanda çempion ola biləcək yalnız bir komanda var idi. Polşada isə bir çox klub bu kuboku qazana bilər. Burada hər oyun çətin keçir. Müdafiəçilər çox güclüdür və onlara qarşı oynamaq çətindir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu