Jurnalistlər təşkilatlandı: "Ev almaq haqqımızdır!"
Məlum olduğu kimi, bu günlərdə bir qrup media və QHT nümayəndəsi Prezident İlham Əliyevə müraciət edərək jurnalistlər üçün inşa edilmiş və artıq istismara hazır olan üçüncü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsini təklif ediblər.
AFN xəbər verir ki, buna qarşılıq olaraq yüzdən artıq jurnalist təşkilatlanaraq Prezidentə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, ölkə mediasında həqiqətən də mənzilə kəskin ehtiyacı olan xeyli jurnalist var. Həmin jurnalistlərin illərdir Prezidentin və dövlətin humanistliyindən yararlanmağı gözlədiyi də müraciətdə qeyd edilib. Jurnalistlər "Ev almaq haqqımızdıq!" qrupunda birləşərək mübarizələrini davam etdirməyi qərara alıblar. Qrup bu gün bəyanat yayıb. Bəyanatda qeyd edilir:
Birinci müraciətə imza atan 38 nəfərdən 11 mətbuat nümayəndəsinin nəinki paytaxtın ayrı-ayrı yerlərində şəxsi mənzilləri, villaları var, üstəlik, dövlət büdcəsi hesabına jurnalistlər üçün inşa edilmiş I və II binada 3 və 4 otaqlı mənzillər alıblar. Onların əksəriyyəti ya həmin mənzilləri satmış, ya da ki, ayrı-ayrı şəxslərə kirayəyə verməkdədirlər.
Sözügedən müraciət uzun illərdən bəri mətbuatda çalışan, lakin aldıqları maaşla öz mənzil şəraitlərini yaxşılaşdıra bilməyən böyük jurnalist ordusu tərəfindən ciddi etirazla qarşılanmış, sosial şəbəkə və internet televiziyalarının qızğın müzakirə mövzusuna çevrilmişdir.
Həmin müraciətə etiraz edən jurnalistlər sosial şəbəkədə “Ev almaq haqqımızdır!” təşəbbüs qrupu yaradaraq,artıq onu hərəkata çevirməkdədirlər.
Məqsəd isə kimlərinsə təhriki ilə başladılan təhlükəli planın - Azərbaycan Prezidenti İlham Əliyevə qarşı başladılan bu təxribatın qarşısını almaq, dövlətçiliyi müdafiə etmək, jurnalistlərlə şəhid ailələri və qazilər arasında nifaq salmağa çalışanlara layiqli cavab verməkdir.
Yarandığı ilk gündən qısa müddət keçməsinə baxmayaraq, 150-dən artıq jurnalist bu qrupa daxil olaraq dövlətçiliyin və Prezidentin yanında olduqlarını ifadə etmiş, dövlət başçısına müraciət imzalamışlar.
İyulun 26-da “Ev almaq haqqımızdır! jurnalistlərin təşəbbüs qrupunun ilk içlası keçirilib. İclasda dövlətçilik əleyhinə yönəlmiş belə təxribatların qarşısının alınmasında qüvvələri səfərbər etmək, eləcə də jurnalistlərlə əlaqələri koordinasiya etmək məqsədil ilə 5 nəfərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupunun üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:
1. Mətanət Əsgərqızı (Cəfərova) - müstəqil jurnalist, "Yeni Zaman" TV-nin rəhbəri
2. Ləman Ələşrəfqızı - əməkdar jurnalist, LAF TV
3. Səlim Balayev - "Yeniavropa.az" saytı, şef-redaktor, I Qarabağ müharibəsi veteranı
4. Elvin Basqallı - "Space" TV, aparıcı
5. Cəsarət Hüseynzadə, QHT.az saytının baş redaktoru
İşçi Qrupu fəaliyyəti ərzində sosial şəbəkələrdə aktivlik nümayiş etdirək jurnalistləri belə təxribatçı hərəkətlərə qarşı səfərbər edəcək, dövlətçiliyi müdafiə edərək media nümayəndələrini Prezident İlham Əliyevin ətrafında sıx birliyə səsləyəcək.
Eyni zamanda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan KİV nümayəndələri tərəfindən “Ev almaq haqqımızdır!" jurnalistlər qrupuna daxil olan müraciətlərə baxacaq, onları sistemləşdirəcək, jurnalistlərin yaşadıqları ünvanlara gedəcək, ailə vəziyyəti və faktiki mənzil şəraiti ilə yaxından tanış olacaq. Bütün bu araşdırmalardan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulan jurnalistlərin yekun siyahısını tərtib edəcək. Hazırlanacaq siyahıda jurnalistin yaşı, iş stajı, ailə üzvlərinin sayı, onların yaş həddi və mənzilin sahəsi qeyd olunacaq. Daha sonra həmin siyahı “Ev almaq haqqımızdır!" jurnalistlərin vatsap qrupunda açıq müzakirəyə təqdim ediləcək. Səslənən irad və təkliflər İşçi Qrupu tərəfindən yenidən nəzərə alınmaqla yekun siyahı hazırlacaq və jurnalistlər adından Prezidentin Administrasiyasına göndəriləcək.
Əziz həmkarlar, ümid edirik ki, belə “ələkdən keçirilmiş“ siyahı Prezident Administrasiyasında da müsbət qarşılanacaq. Çünki hamımız yaxşı bilirik ki, dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilmiş əvvəlki iki binada hansı yollarla kimlər bizim haqqımıza girərək mənzillərə sahibləniblər.