Yüzdən artıq jurnalist İlham Əliyevə müraciət etdi - Media təmsilçilərini əleyhinizə qaldırmaq istəyirlər


Bir qrup KİV və QHT nümayəndəsi Prezident İlham Əliyevə müraciət ünvanlayıb. AFN-in məlumatına görə, müraciətdə deyilir:


Hörmətli cənab Prezident!
Azərbaycan dövləti 44 günlük Vətən Müharibəsində tarixin ən böyük Zəfərinə imza ataraq işğal altında olan torpaqlarımızı azad etməklə, dünyanın qalib ölkələri siyahısında öz layiqli yerini tutub. Azərbaycan Avropa və Asiya dövlətləri arasında yeganə ölkədir ki, son 40 ildə öz ərazi bütövlüyünü hərbi yolla bərpa edib. Torpaqlarımızın azadlığı uğrunda minlərlə Azərbaycan övladı canını fəda edərək şəhidlik zirvəzinə ucalıb, minlərlə əsgərimiz yaralanıb, sağlamlığını itirib.
Bu qələbədən sonra Azərbaycan üçün yeni bir mərhələ başlayıb. Azad olunmuş Qarabağ torpaqlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb, ölkə həmin rayonlardan olan sakinlərin doğma torpaqlarına Böyük Qayıdışını səbirsizliklə gözləyir.
Cənab Prezident!
Bu gün bir qrup media və QHT nümayəndəsi Sizə müraciət edərək, Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 22 iyul 2013-cü il tarixli sərəncamı ilə inşa edilmiş üçüncü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsini təklif edib.
Hər şeydən əvvəl qeyd etmək istəyirik ki, bu müraciətin kənardan idarə olunan qərəzli və çirkin kampaniyanın tərkib hissəsi olduğu və həmin müraciətin arxasında media təmsilçilərini dövlət başçısının əleyhinə qaldırmaq məqsədinin dayandığı şübhə doğurmur. Xatırlatmaq istərdik ki, ölkədə indiyə qədər 10 mindən çox şəhid və qazi ailəsi mənzillə təmin olunub və bu siyasət sabit ardıcıllıqla davam etdirilir.
Jurnalistlər üçün inşa olunan 3-cü binadakı mənzillərin Şəhid və Qazi ailələrinə verilməsi ilə bağlı müraciətin müəllifləri, eyni zamanda, jurnalistlərlə Şəhid və Qazi ailələrini üz-üzə qoymağa çalışırlar. Əgər o müraciəti imzalayan və özlərinin bir neçə mənzili olan şəxslər bu mövqelərində səmimi olsaydılar, heç olmasa, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə könüllü yollanan jurnalistlərə mənzil verilməsini təklif edərdilər.
Cənab Prezident!
Biz haqqında danışılan müraciətə qəti etirazımızı bildirir və bunu Azərbaycan Respublikasını Şəhid və Qazi ailələrini himayə etməyən, onlara qayğı göstərməyən dövlət olaraq göstərmək cəhdi kimi qiymətləndiririk. Eyni zamanda, bu təhlükəli planın ilk növbədə Azərbaycan Prezidentinin əleyhinə yönəldiyini diqqətə çatdıraraq, bu saxta kampaniyanın dayandırılmsını tələb edirik. İnanırıq ki, çoxsaylı jurnalistlərin mövqeyini əks etdirən bu müraciətimizə həssaslıqla yanaşacaq və bu çərçivədə başladılan spekulyativ cəhdlərin qarşısını qətiyyətlə alaraq, sözügedən binadakı mənzillərin illərlə xoş xəbər gözləyən jurnalistlərə hədiyyə olunmasını təmin edəcəksiniz.
Qeyd edək ki, müraciəti 100-dən artıq jurnalist imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu