Ədliyyə naziri xarici həmkarlarına müraciət ünvanlayıb
Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən AFN-ə verilən məlumata görə, müraciətdə döyüş meydanında acı məğlubiyyətə uğrayan Ermənistanın faktiki kapitulyasiyası və bununla qalan torpaqlarımızı siyasi yolla qaytarmağa məcbur olması qeyd edilərək, düşmənin işğal dövründə ərazilərimizdə törətdiyi vəhşiliklərə, beynəlxalq humanitar hüquqa zidd digər qanunsuz əməllərinə diqqət cəlb olunub.
Həmçinin bildirilib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynamış və Zəfər yürüşündə Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymamağın, təcavüzkar siyasətini davam etdirməyin və özgə torpaqlarını işğalda saxlamağın daha mümkünsüz olduğunu dərk edərək öz məğlubiyyətini etiraf etmək məcburiyyətində qalıb.
44 gün sürən hərbi əməliyyatları uduzmağı ilə barışan Ermənistan noyabrın 10-da Birgə Bəyanata imza ataraq işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarılması və torpaqlarımızın qısa müddətdə boşaldılması öhdəliyini üzərinə götürüb. Bəyanatda
həmçinin, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına geri qayıtması nəzərdə tutulub.
Nazir Ermənistanın işğala son qoyaraq torpaqlarımızdan çıxmağa hazır olduğunu elan edən kimi, ölkə Prezidenti cənab İlham Əliyevin sülhün tərəfdarı olaraq hərbi əməliyyatları dərhal dayandırdığını vurğulayıb. Bununla tarixi ədalətin qələbə çalaraq BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair qətnamələrinin icra edildiyini qeyd edib. Böyük təəssüflə bildirib ki, buna Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, habelə Ermənistanın bütün beynəlxalq humanitar hüquq və əxlaq normalarını kobud pozaraq davamlı və məqsədli şəkildə dinc əhalini, o cümlədən qadın və uşaqları hədəf almaqla 500 nəfərədək mülki insanın tökülən qanı bahasına nail olunub.
Müraciətdə Bəyanatın icrası çərçivəsində dekabrın 1-də işğal olunmuş sonuncu – Laçın rayonunun sülh yolu ilə, qan tökülmədən azad olunması ilə bağlı məlumat verilərək artıq müharibənin arxada qaldığı, ölkəmiz üçün yeni quruculuq, inkişaf dövrünün başlanıldığı qeyd edilib.
Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizi bərpa etmək üçün nəhəng işlər görülməlidir, çünki təcavüzkar düşmən Cenevrə Konvensiyasının 1977-ci il Protokolu ilə qadağan edilməsinə baxmayaraq, işğal etdiyi torpaqlarımızı viran edərək arxasında sözün əsl mənasında "yandırılmış torpaq" qoyub, o cümlədən həmin ərazilərdə xalqımızın tarixi və mədəni irsini, demək olar ki, tamamilə məhv edib.
Lakin dünyada sülhsevər, tolerant ölkə kimi tanınan Azərbaycan dövlətinin və xalqının dağıdılmış şəhərləri, kəndləri həmrəyliklə bərpa etmək üçün əlindən gələni əsirgəməyəcəyi, bölgədə qonşuluq şəraitində dinc yaşamaq üçün yaxşı imkanların, yeni təhlükəsizlik, əməkdaşlıq formatının yaranması qeyd olunub.
Ədliyyə naziri son 30 ildə Azərbaycan xalqının, o cümlədən 750 minə yaxın məcburi köçkün vəziyyətdə yaşayan soydaşlarımızın, qarşıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacağını, bölgəmizdə bundan sonra firavanlıq və təhlükəsizliyin hökm sürəcəyinə ümidvar olduğunu vurğulayıb.