Araz Bayramov jurnalistə pul təklif edib


Tanınmış telejurnalist Günel Gözəlova cərrah uroloq-androloq Araz Bayramovu məhkəməyə verməsi prosesində yanında olan insanlara təşəkkür edib.


AFN-in xəbərinə görə, G.Gözəlova bildirib ki, 5 aydır çəkdiyi acını, qüssəni ifadə edə bilmədiyi bir halda, A.Bayramov ona pul təklif edir: "Dostlarım vasitəsilə mənə məhkəmədən imtina edim deyə pul təklif edən bu "adam" hələ də anlamır ki, atası gəzən ölü olan bir qız uşağının gözünün yaşını pulla silmək olmur. Mənə pul lazım olsa mən bu cür bizə acı yaşadan birini elə həmin gün məhkəməyə verib, sizlərin dəstəyi ilə biabır edərdim. Mən inanırdım ki, Anar sağalacaq. Araz Bayramov Avropasayağı gülüşü ilə əmin edirdi ki, hər şey qaydasındadır, bu hal normaldır. Və 10 gün ərzində evində qayınatası qırtlaq xərçəngi olan bir qadının atasının ölümcül xəstə, yoldaşının ölü canlıya çevrilməsi elə də asan həzm olunan bir hadisə deyildi. Körpə uşaq kimi bir anda hər şeyin dəyişəcəyinə inandırmışdım özümü və anları beləcə keçirir, dəli kimi qayğılarımı həll edirdim. Araz Bayramovsa xislətinə uyğun bizi axmaq yerinə qoydu aylarla. Ona ali təhsilini alanda həkimliyi öyrədənlərdən bu sahəni yox, insanın zəif durumundan necə istifadə etməyi yaxşı öyrənib. Bu səbəbdən də bir sıra klinikalardan qovulub!"
Qeyd edək ki, G.Gözəlovanın həyat yoldaşı Anar Gözəlov səhhətində yaranan problemlərlə bağlı (kəskin böyrək ağrısı) "Buta" Klinikasında cərrah uroloq-androloq Araz Bayramova müraciət edib. Həmin klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A.Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralın 18-də A.Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A.Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsi bunu təkidlə desə də, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və "Buta" Klinikasında nevropotoloq olmadığına görə kənardan dəvət olunan nevropotoloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib. Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib. İddia ərizəsi Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Quliyevin icraatında araşdırılır. A.Gözəlovun iddiası üzrə Məhkəmənin hazırlıq iclası keçirilib, məhkəməyə baxış iclası isə iyulun 27-ə təyin edilib.

Qeyd edək ki, telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün ölkə rəhbərliyinə, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, səhiyyə nazirinin müavininə və s. qurumlara müraciət edib. G.Gəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu